• Bakı 21° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

“Ailə konstitusiyası” nikah müqaviləsi deyil: Özəl qaydalarla ailə idarəetməsi və beynəlxalq təcrübə

CƏMİYYƏT

07 Oktyabr 2025 | 12:06

“Ailə konstitusiyası” nikah müqaviləsi deyil: Özəl qaydalarla ailə idarəetməsi və beynəlxalq təcrübə

Axşam yeməyində ən çox nə üstündə fikir ayrılığı yaranır? Uşaqların ekran vaxtı, ailə büdcəsinin bölünməsi, nənə-baba ilə münasibətlərin həddi, yaxud ailə biznesində kimin sözü hansı mövzuda daha çox üstünlük təşkil edəcək?

Bu suallara “gəl birdəfəlik yazaq və hamı razı qalsın” deyə cavab verən ailələr var. Onlar ev qaydalarını, dəyərləri, qərar mexanizmlərini və hətta nəsillərarası varisliyi bir sənəddə toplayırlar. Bu sənəd "ailə konstitusiyası" ("family constitution") adlanır — və o, "nikah müqaviləsi"ndən ("marital agreement", "postnuptial agreement") tamamilə fərqlənir.

Azərbaycan Respublikasının ailə qanunvericiliyi "ailə konstitusiyası" institutunu tanımır və bu institutla bağlı hüquqi tənzimləmə ölkəmizin qanunvericiliyində yoxdur.

"Nikah müqaviləsi" isə hüquqi icrası olan, Azərbaycan Respublikası Ailə Məcəlləsində tənzimlənən müqavilədir.

Ailə konstitusiyası  ailənin dəyərlərini və idarəetmə mədəniyyətini yazılı qaydada nizama salan, adətən məhkəmədə birbaşa icrası olmayan, amma gündəlik həyatda böyük çəkisi olan istiqamətləndirici çərçivədir. Hüquqşünas Linda C. McClain bu mövzunu məşhur məqaləsində — “Family Constitutions and the (New) Constitution of the Family” — dövlət konstitusionalizmi ilə ailə daxilindəki yazılı qaydalar arasındakı əlaqə kontekstində təhlil edir və “ailənin öz konstitusiyası” ideyasının sosial-hüquqi məntiqini izah edir.

Ailə konstitusiyası: yazılı dəyərlərdən idarəetmə mədəniyyətinə

Ailə konstitusiyası ailə üzvlərinin ortaq razılığı ilə formalaşan, dəyərləri, rolları, səlahiyyət və məsuliyyət sərhədlərini, eləcə də mübahisə yarananda hansı ardıcıllıqla həll olunacağını müəyyən edən çərçivədir. O, “yaşayan sənəd”dir: ailə böyüdükcə yenilənir, yeni nəsillər daxil olduqca dəqiqləşir. Ailə biznesi olanlarda bu sənəd daha strateji məna qazanır: ailə şurasının mandatı, kimin hansı şərtlərlə şirkətdə işləyə biləcəyi, dividend siyasəti, varisliyin prinsipləri kimi incəliklər əvvəlcədən aydınlaşır. Hüquqi məcburiliyi təbii ki, nikah müqaviləsi kimi deyil, amma buraya yazılan prinsiplər paralel müqavilələr və şirkət sənədləri ilə “ankorlananda” təsir gücü dəfələrlə artır.

Nikah müqaviləsi: qanunda yeri, predmet və sərhədlər

Nikah müqaviləsi Azərbaycan Ailə Məcəlləsi ilə tənzimlənən, yazılı və notariat qaydasında təsdiqlənən hüquqi sazişdir. Onun predmeti əsasən əmlak münasibətləridir: birgə mülkiyyətin rejimi, gəlirlərin bölüşdürülməsi, ailə xərclərində iştirak qaydası, nikahın pozulması halında maliyyə nəticələri və s. Qanun burada açıq sərhədlər də çəkir: şəxsi qeyri-əmlak münasibətləri və valideyn-uşaq hüquqları nikah müqaviləsinin predmeti ola bilməz. Deməli, nikah müqaviləsi hüquqi təhlükəsizlik üçün əvəzolunmaz alətdir, lakin ailənin dəyərlərini, gündəlik münasibət kodunu və nəsillərarası idarəetmə mədəniyyətini tam ifadə etmir.

Niyə bu iki alət ayrı institutlardır?

Çünki məqsədləri, dili və nəticəsi fərqlidir.

Nikah müqaviləsi hüquq dilində danışır, məhkəmədə icra olunur, hüquqi sanksiya ilə təmin edilir.

Ailə konstitusiyası isə ailə dilində danışır: dəyərləri kodlaşdırır, mübahisəyə qədərki davranış standartını formalaşdırır, “necə danışırıq, necə qərar veririk, necə güzəşt edirik?” sualına cavab tapır. Ailənin daxilindəki gərginliklərin çoxu məhz hüquqi müstəviyə getmədən həll edilməlidir; bunun üçün ailə konstitusiyası praktik bələdçi rolunu oynayır. Hüquqi nəticə tələb edən hissələr isə ayrıca müqavilələrə və şirkət sənədlərinə köçürüləndə bütöv memarlıq yaranır.

Dünyadan izlər: fərqli hüquq sistemlərində eyni ehtiyac

İspaniyada ailə bizneslərinin hazırladığı “protocolo familiar” sənədləri ticarət reyestrində könüllü ictimailəşdirilə bilir. Bu, üçüncü şəxslərə ailənin idarəetmə

mədəniyyəti barədə siqnal verir, amma hüquqi effekt yenə də paralel müqavilələrdən asılı qalır. İtaliyada “patto di famiglia” adlı institut sahibkara biznesi sağlığında varisə ötürmək üçün müqaviləvi yol açır. Burada artıq sırf hüquqi əməliyyatdan danışırıq. Almaniyada ailə nizamnamələri geniş yayılıb. Ailə şirkətləri üçün idarəetmə kodeksləri ailə şurası, səsvermə qaydaları, varislik və xeyriyyəçilik kimi başlıqları sistemləşdirir. Böyük Britaniyada və ABŞ-da isə ailə konstitusiyası daha çox özəl sənəd olaraq yaşayır, hüquqi təsiri onu müşayiət edən səhmdar razılaşmaları, etibar fondları və digər müqavilələrlə güclənir.

Son söz...

Ailə münasibətləri yalnız məhkəmə müstəvisinə sığa bilməz; hər gün verilən kiçik qərarlar böyük harmoniyanı qurur. Ailə konstitusiyası bu harmoniyanın mədəni-etik çərçivəsidir, nikah müqaviləsi isə hüquqi təhlükəsizliyin təminatıdır. Biri olmadan o biri ya soyuq hüquqi formallığa, ya da isti, amma zəif dayaqlı yaxşı niyyət bəyannaməsinə çevrilə bilər. İkisini bir araya gətirən ailələr isə həm bu günün anlaşmasını qoruyur, həm də sabahın nəsillərinə möhkəm bir irs buraxırlar. Bu baxımdan gələcəkdə ailə konstitusiyası anlayışının ölkəmizdə könüllü, yumşaq hüquq çərçivəsi kimi tanınması və minimal qaydalarla hüquqi tənzimlənməsi ailələrə fayda verə bilər. Məqsəd isə “yeni məcburiyyət yaratmaq” deyil, ailələrin könüllü şəkildə razılaşdıqları qaydaları daha şəffaf və ardıcıl tətbiq etməsinə dəstək olmaqdan ibarətdir.

Yunis Xəlilov

Naxçıvan Dövlət Universitetinin "Ümumi Hüquq" kafedrasının müəllimi

Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR

06 Oktyabr 2025