Azərbaycanda boşanan kişilərin əksəriyyəti övladına az aliment vermək, ya da heç aliment ödəməmək istəyirlər. Hətta bunun üçün qeyri-qanuni yollara da əl atanlar da az deyil.
Bununla bağlı deputat Razi Nurullayev Bakıvaxtı.az-a elə ataları başa düşə bilmədiyini deyib: “Sən öz övladının böyüməsi üçün aliment verməkdən necə imtina edə, deputata zəng edib az aliment vermək, ya da heç aliment verməmək üçün məhkəmələrə nəsə deməsini xahiş edə bilərsən?!”
Belə bir halla rastlaşan R.Nurullayev bir nəfərin ondan az aliment yazılması, ya da heç aliment yazılmaması üçün məhkəmədən xahiş etməsini istədiyini bildirib: “Bu cür insan adamda ikrah hissi oyadır. Bu cür insanlara heç vaxt kömək etmək olmaz. Bu məsələlərdə hər zaman anaların yanındayam”.
Deputat qeyd edib ki, uşaqların təminatı məsələsi ilə bağlı hər zaman danışdığını deyib: “Yenə də deyirəm, hər bir Azərbaycan övladının böyüməsi üçün müəyyən məbləğ olmalıdır. Azərbaycanda əsas yük anaların üzərinə düşür. Analar övladlarını saxlamaq üçün imkan sahibi deyil. Övladına ləyaqətli həyat vermək üçün kifayət qədər pul ala, iş tapa bilmir. Rayonlarda, demək olar, qadınların hamısı evdardardır. Bu qadınlar uşaqlarını necə saxlamalıdır?! Qazancları da yoxdur. Tək, 3-4 uşağı, xəstə uşağı olan analar var. Bəs bu qadınlar övladını necə dolandırsın?!” deyən müsahibimizib sözlərinə görə, bununla bağlı “uşaq pulu” məsələsini gündəmə gətirib. Dediyinə görə, neçə ildir bununla bağlı bir kampaniya da aparır: “Amma, təəssüflər olsun ki, hələ ki buna nail ola bilməmişik. İstənilən halda, ən azından üç yaşına qədər dövlət uşaqlara pulsuz yemək verməlidir. Uşaq anadan olandan böyüyənə qədər bütün sağlamlıq xərclərini öz üzərinə götürməlidir. Təəssüflər olsun ki, İcbari Tibbi Sığorta Agentliyində bu məsələ gec tədbiq olundu. İndi müəyyən pozitiv çalarlarını görürük. Amma bu günə qədər hər kəs uşağını aparıb pulu ilə müalicə etdirirdi. Bu gün İcbari Tibbi Sığortanın bütün özəlliklərindən tam olaraq istifadə edə bilmirlər. Bütün bunlar ən ağrılı məsələlərdir və həll edilməlidir. Uşağın bioloji ata-anası var, dövlət isə onun mənəvi atasıdır”.
Aytac Aslan
















