• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

“Arxa qapı diplomatiyası”nda Azərbaycanla normal şəkildə anlaşmalar mövcuddur - MÜSAHİBƏ

MÜSAHİBƏ

01 Aprel 2025 | 11:50

“Arxa qapı diplomatiyası”nda Azərbaycanla normal şəkildə anlaşmalar mövcuddur - MÜSAHİBƏ

Bakıvaxtı.az-ın “Düzünə qalsa” rubrikasının budəfəki qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və sədri, istiqlalçı deputat, ictimai-siyasi xadim Fərəc Quliyevdir.

Onunla söhbəti təqdim edirik.

Əslində Ermənistan konstitusiyasının dəyişdirilməsi kifayət etmir

- Azərbaycanla Ermənistan arasında yekun sülhə dair çoxsaylı çağırışlar, bəyanatlar səslənir. Sizcə, yekun sülhə yol görünürmü?

- Ermənistan öz iradəsi ilə addım atmır, ona görə də bu ölkənin müəyyən tərəddüdləri var. Digər tərəfdən Ermənistanın Baş naziri Nikol Paşinyan bütün proseslərdə daxili auditoriyanı nəzərə alır, çünki ona təzyiqlər göstərilir. Həm Eçməzdin kilsəsi, həm Rusiya meyilli müxalifət, həm də diasporun təpkisini nəzərə alır. Bununla belə, hesab edirəm ki, “arxa qapı diplomatiyası”nda Azərbaycanla normal şəkildə anlaşmalar mövcuddur. Azərbaycan və Ermənistan tərəfi bir mərhələni keçəndən sonra nəticəni üzə çıxarırlar. Baş tutan danışıqlar, müzakirə olunan detallar haqqında ictimaiyyət məlumatlandırılmır. Bu, normal haldır. Hər dəfə bu məsələlər ortaya atılanda məkrli qüvvələr prosesi pozmağa çalışırlar. Sülhün yaranmasında maraqlı olmayan qüvvələr var.

- Bunlar hansı ölkələrdir?

- Məxsusi olaraq, Rusiyanın adını çəkə bilərəm. 2020-ci il sazişinə görə əslində Zəngəzur dəhlizi və başqa məsələlərə “əl qoyulmalı” idi. Amma bilərəkdən yubatdılar ki, Paşinyanı “yıxıb” hakimiyyətə özlərinə uyğun adam gətirəndən sonra dəhliz aça bilərlər. Düşünürdülər ki, Paşinyan hakimiyyətdə ola-ola dəhliz açılarsa, Ermənistanın iqtisadi və sosial vəziyyəti yaxşılaşacaq, baş naziri “vurmaq” mümkün olmayacaq. Zaman keçdi Nikol Paşinyan ortaya alternativlər qoydu. İndi Rusiya ələ-ayağa düşüb. Hələ də müharibənin bitməsində maraqlı deyil. Bundan başqa, dəhliz açılarsa, Fransa və başqa dövlətlər bölgədə moderator olmaq istəyirlər. Onlar ən azı dəhlizə nəzarət məsələsini ələ almaq niyyətindədirlər. Hesab edirlər ki, bu, onlar üçün bir avantajdır. Onların da Ermənistana təzyiqləri var. Bunu Paşinyanın davranışlarından da aydın şəkildə anlamaq olur. Buna rəğmən Nikol Paşinyandan “sülh göyərçini” yaratmaq fikrində deyilik. Azərbaycan tərəfinin Ermənistandan prinsipial və önəmli istəkləri var.

- Bu istəklər özündə hansı məsələləri ehtiva edir?

- Əslində Ermənistan konstitusiyasının dəyişdirilməsi kifayət etmir. Onların 5-6 sənədi var ki, həmin sənədlərdə Azərbaycana qarşı iddialar var.

- Söhbət hansı sənədlərədn gedir?

- Vətəndaşlıq haqqında sənədləri var, həmin sənəddə Qarabağda yaşayan ermənilərlə bağlı müddəa yer alıb. Azərbaycan ərazilərinə iddia var. Diasporla bağlı da bu cür sənəd mövcuddur. 5 sənəd var ki, həmin sənəddə Azərbaycana qarşı ərazi iddiaları ortaya atılıb. Təkcə konstitusiya deyil, həmin sənədlərdəki müddəalar da dəyişilməlidir. Konstitusiyada isə adlı şəkildə Azərbaycan ərazilərinə iddialar yer alır.

Üstəlik də son vaxtlar Azərbaycan və Türkiyə xarici siyasətlərini koordinasiya edib. Sülh sazişində Ermənistanın Türkiyəyə qarşı iddialarının aradan qaldırılmasını masaya yatırmalıyıq. Türkiyə-Ermənistan danışıqlarında rəsmi Ankaradan istəyirik ki, Azərbaycanın mövqeyi nəzərə alınsın, eynən də biz də Türkiyənin mövqelərini nəzərə almalıyıq. Bu, artıq Türk Dövlətləri Təşkilatı (TDT) tərkibindəki dövlətlər arasındakı münasibətlərdə ciddi şəkildə nəzərə alınıb. Təhlükəsizlik və xarici siyasətin faydası olmalıdır.

Bundan əlavə 17 şərtdən son ikisi Ermənistan-Azərbaycan münasibətlərində son kilid nöqtələri deyil. Orada da müəyyən məsələlər mövcuddur. Son iki bənddən biri beynəlxalq məhkəmələrdə şikayətlərin, iddiaların geri götürülməsidir. Ermənistan bizdən nə şikayət edəcək?! 30 il müddətində 20 faiz torpağımızı işğal altında saxlayıb. Orada soyqırımı törədib, talayıb aparıb. Amma biz iddiamızı geri götürməyəcəyik. Hələ biz Qarabağı azad etməzdən əvvəl Hesablama Komissiyası Ermənistanın ölkəmizə vurduğu ziyanın 480 milyard dollar olduğunu açıqlamışdı. Bu siyahını çox uzatmaq istəmirəm. Bunları nəzərə alaraq, düşünürəm ki, sülh sazişinin ərsəyə gəlməsi asan məsələ deyil, lakin “Çərçivə sazişi”nin reallaşması mümkündür. Hesab edirəm ki, müəyyən qədər sıxıntılar olmasına rəğmən Azərbaycan və Ermənistan ikitərəfli danışıqlarla naliyyət əldə edə bilər.

- Amma ikitərəfli danışları sabotaj edən qüvvələr də var…

- Bəli, elədir, məsələn son zamanlar Rusiya üçtərəfli danışıqlar, 2020-ci il məsələlərini gündəmə gətirməyə başlayıb. Rusiya, sən bu qədər səmimi idinsə, niyə o vaxt dəhlizin açılmasına dair ortaya müddəa qoymurdun? Ermənilər Qarabağdan çıxıb getmişdilər, amma Rusiya çıxmaq istəmirdi. Ruslar onları geri qaytarmağa çalışırdılar. Hesab edirəm ki, Azərbaycan və Ermənistanın “arxa qapı diplomatiyası”nda ikitərəfli danışıqlar effektlidir və nəticə verəcək. Amma yekun sülh sazişinin yaxın vaxtlarda bağlanması real deyil, amma “Çərçivə sazişi” mümkün görünür.

Ermənistan tərəfdən Azərbaycana ciddi bir müdaxilə gözləmirəm

- Son günlər Ermənistan ordusu mövqelərimizi atəşə tutur. Sizcə, bu, lokal əməliyyatlara səbəb ola bilərmi?

- Bunu prosesin müharibə fazasına keçməsinə işarə kimi qəbul etmirəm. Sadəcə məsələni Rusiya və digər qüvvələr bu cür şərh etməyə çalışır. Onlar istəyirlər ki, sülh olmasın. Ona görə də Ermənistan bir məsələ qaldırdı ki, Azərbaycan və Ermənistan monitorinq qrupu yarada bilər.

- Bununla nəyə işarə edirlər?

- “Yerkrapa” terror təşkilatı var. Onlar şərtləri pozmuşdular. Son vaxtlar sosial şəbəkələrdə baxırıq ki, onların rəhbələri gedib sərhəd bölgələrdə müəyyən işlər görür, əhali ilə görüşür. Açığı Ermənistan tərəfdən Azərbaycana ciddi bir müdaxilə gözləmirəm.

Rusiyaya qarşı tələblərimizi davam etdirməliyik

- Rusiyanın ünvanına belə bir ritorik sual ünvanladınız: “Rusiya, sən bu qədər səmimi idinsə, niyə o vaxt dəhlizin açılmasına dair ortaya müddəa qoymurdun?”. Sizcə, Zəngəzur dəhlizinin açılmasını rəsmi Moskvamı ertələyir?

- Bütün məsələlərdə Rusiya mane olur. Çalışır ki, nəzarət öz əlində olsun. Başqa yollar təhlükəlidir. Yalnız Orta yol adlanan Zəngəzur dəhlizi əlverişlidir. “Davud yolu” husilər tərəfindən vurulub, İraq üzərindən bir yol var, o yol da uğurlu deyil, çünki Afrika burnunda problemlər vardı. O da demək olar ki, mümkün deyil. Digər yol İran üzərindən keçir ki, bu ölkəyə də sanksiya tətbiq ediblər. Bu da mümkün deyil. Rusiya ərazisindən keçilməsi imkanlarını heç kim qəbul etmir. Ona görə hər kəsə sərf edən işlək yol Zəngəzur dəhlizidir. Rusiya istəyir ki, bu boğazı tutsun və orada qalsın. Rusiyanın məqsədi budur.

- 44 günlük Vətən müharibəsi ərəfəsində Şuşaya “İsgəndər” raketi atılmışdı ki, onu istehsal edən ölkə Rusiyadır, bu raket satış üçün yox, özünü müdafiə üçündür. Belə olan halda həmin raketi Azərbaycan ərazisinə ya Rusiyanın özü, ya da Rusiyanın “əli” ilə Ermənistanın atması məlumdur. Sözsüz ki, bu, beynəlxalq əhəmiyətli cinayətdir. Həmçinin, ötənlərdə Rusiyaya aid Qroznı hava məkanında Azərbaycana məxsus mülki təyyarə vuruldu. Bunu da Rusiyanın törətdiyi gün kimi aydındır. Doğrudur, rəsmi Bakı hər iki məsələ ilə bağlı rəsmi Moskvaya əsaslı və sərt reaksiya verib. Amma bu ölkə yenə təxribatlarından əl çəkmir. Bəlkə Azərbaycan və beynəlxalq təşkilatlar bu ölkəyə qarşı “dişli” bəyanatlar verməlidirlər?

- Baş verən yeni hadisələr fonunda “İsgəndər raketi” olayının arxa plana keçirilməsi doğru deyil. Bir ara Azərbaycan hakimiyyəti və ictimaiyyəti bu məsələ ilə bağlı barışmaz mövqe tutmuşdu. İndi nisbətən səngimə baş verib. Biz mütləq şəkildə Rusiyadan həmi məsələlərin izahını istəməliyik. Əlbəttə, o raketi Rusiya nə sata, nə başqasına verə bilər. Görünür, onu Şuşaya özü atıb. Raketi Ermənistana satıbsa da, onun cavabı olmalıdır.

Mülki təyyarəmizin vurulması ilə bağlı hansı tələbləri qoymuşuqsa, ardıcıl olaraq, davam etdirməliyik. Rusiyadan çəkinmək olmaz. Ondan mif yaratmışdılar. Rusiya 3 günə Kiyevi tutmaq iddiasını səsləndirən, lakin 3 ildən sonra öz ərazisi olan Kurskda Ukrayna ordusunun geri çəkilməsini qələbə kimi qiymətləndirən dövlətdir. Rusiyanın vəziyyətini görürük. Demirəm ki, Rusiyaya qarşı müharibə başlayaq. Amma beynəlxalq şərtlər, konvensiyalar var, bu ölkə o şərtlərə əməl etmək istəmirsə, onda öz üzərindən sanksiyaların götürülməsini, valyutasına qoyulan qadağaların ləğvini tələb etməli deyil. Biz Rusiyaya qarşı tələblərimizi davam etdirməliyik. Rəsmi Moskvaya qarşı beynəlxalq qanunların tələbi səviyyəsində prosedurlar davam etdirilməlidir. Bu məsələləri beynəlxalq məhkəmələrə daşımalıyıq. Rusiya prezidenti Vladimir Putin səviyyəsində etiraf olunub ki, 44 günlük müharibə ərzində Ermənistana Rusiya tərəfindən 900 tondan çox silah-sursat verilib. Bunların da cavabı verilməlidir. Hesab edirəm ki, rəsmi Bakı Qərb dövlətləri, NATO və başqa təşkilatlarla əlaqələrimizi normal saxlamaq şərtilə TDT-də möhkəmlənməliyik. Rusiya ilə münasibətləri pozmaq deyil, bu ölkədən haqqımızı tələb etməyi bacarmalıyıq. Bir dövlət başqa dövlətlərin qarşısında “gözü qıpıq” qalanda başqa dövlətlərin həmin dövlətin üzərinə gəlməsi ənənəvi hal alır. Biz bu məsələlərin üzərindən sakit keçə bilmərik. 44 günlük müharibə ərəfəsində Azərbaycan ərazisində Rusiyanın vertolyotu vurulmuşdu. Onun kim tərəfindən vurulması da hələ tam məlum deyildi. Azərbaycan dərhal lazım olan addımları atdı. Komnpensasiya və üzrxahlıq məsələsini gerçəkləşdirdi. Onlar da zəhmət çəkib adekvat davranmalı idilər. İndi dünyada münasibətlər bərabər əsaslarla qurulur.

Tramp Avropanı silkələdi

- Rusiya-Ukrayna müharibəsinə toxundunuz. Amerika prezidenti Donald Trampla Ukrayna lideri Volodomir Zelenski arasındakı görüşdən sonra dünyanın Ukraynanı qurban verməsinə dair çoxsaylı şərhlər oxuduq. Siz necə qiymətləndirirsiniz?

- Hələ hadisələr yeni başlayanda proqnoz vermişdim və bildirmişdim ki, Tramp hakimiyyəti Ukraynaya Bayden hakimiyyətindən daha çox dəstək verəcək. Artıq bu məsələlər gerçəkləşir. Arada ziqzaqlar oldu, amma Amerikanın bir sacayaq siyasəti vardı.

Bir ayaq o idi ki, İranı vursun, ikincisi, Çini zəiflətsin və inkişafına mane olsun.

Üçüncüsü, Rusiyanın indiki aqressiyasını azaltsın ki, planlarını həyata keçirə bilsin. Bu istiqamətdə işlər görüldü.

Tramp-Zelenski danışlarından sonra nələr baş verdi? Bu müzakirələrlə Tramp Avropanı silkələdi. Avropa artıq özünün NATO və başqa yerlərdə ümumdaxili məhsulun 2 faizini belə vermək istəmirdi, amma bu gün 60,4 faizini verməyə razılaşıb. Tramp bir iş gördü. Ukrayna məsələsi ilə bağlı 350 milyard məsələsini qaldır, halbuki əvəllər 500 milyard deyirdi. Bununla Amerika xalqına mesaj verdi ki, Ukrayna bizə yük idi. Amma bu gün artıq, Ukrayna bizim üçün qazanc yeridir. Torpaq məhsullarının alınması ilə bağlı sazişi nəzərdə tuturam.

Eyni zamanda Avropa məcburdur ki, Amerika hərbi sənaye kompleksindən silahlar alıb, Ukraynaya versin. Ukrayna üçün silahları ona kimin verməsinin fərqi yoxdur. Tramp həm Avropanı silkələdi, həm daxili siyasətdə Ukraynaya yanaşmada dəyişiklik etdi. Amma Ukraynanın taleyində dəyişiklik olmadı. Bu günlərdə Tramp bir çağırış etdi O bildirdi ki, danışıqlar Rusiyanın üzündən baş tutmasa, bu, Rusiya üçün yaxşı nəticələnməyəcək. Sanksiyaların və tariflərin artırılmasından danışır. Çox ciddi çağırışlar edib. Hesab etmirəm ki, Amerika dövlətinin Ukraynaya münasibəti dəyişib. Bu, bir test oldu. Ukraynanı yoxladılar. Vaşinqtonda Zelenskinin üzərinə gəldilər. Bu da Zelenskinin xeyrinə işlədi. Zelenskinin ətrafında olan bəzi siyasətçilər geri çəkilirdilər, ona qarşı müəyyən müxalif rəylər formalaşırdı, lakin o görüşdən sonra hamı Zelenskinin ətrafında sıx birləşdi və onun Ukraynadakı reytinqi yüksəldi. Orduda da incik düşən insanlar vardı, onlar da səfərbər oldular. Xarici ölkələrdən Ukraynaya qayıdanların sayı artdı. Ukrayna xalqının iradəsini görəndən sonra Avropa da Ukraynaya dəstəyini artırdı. Onlar “Paris razılaşması” və başqa məsələlərlə münasibətlərini bildirdilər. Amerikanın da mövqeyi ortadadır. Hesab edirəm ki, Vaşinqton görüşündən sonra diplomatik, hərbi və siyasi müstəvilərdə Ukraynanın üstünlükləri ortaya çıxdı. Rusiyanın maskası tam olaraq, düşdü. Trampdan gözləntiləri isə öləzimək mərhələsindədir.

Hesab etmirəm ki, İranın bizə olan mövqeyi müsbətə doğru dəyişə bilər

- Güney Azərbaycanın Urmiya şəhərində etiraz aksiyaları geniş vüsət alıb. Şəhərin türkdilli əhalisi-Azərbaycan türkləri Urmiyanın tarixi və mədəni kimliyinə qarşı yönəlmiş hər hansı dəyişikliyi qəbul etmədiklərini və bu məsələdə İran hökumətinin siyasətinə açıq şəkildə etirazlarını bildiriblər. Niyə İran soydaşlarımıza qarşı münasibətini loyallaşdırmır?

- İranın ana hədəfini Azərbaycan Respublikasının ya zəif olması, ya da ümumiyyətlə var olmaması təşkil edir. Bütövlükdə fəaliyyətini buna yönəldib. 44 günlük müharibədən əvvəl də Qarabağdakı separatçılara yanacaq, silah-sursat, raketlərin işə salınması ilə bağlı təlimatçılar göndərməsinin şahidi olduq. Müharibə ərəsində Gürcüstan hərbi jiletləri, hərbi materialları belə Ermənistana buraxmadı. Amma İran M2 yolu ilə bütün silah-sursatı Ermənistana göndərməklə məşğul oldu. Hücum vaxtı ordumuzun qarşısını kəsmək kimi taktikalardan istifadə etdi.

Sonrakı anlarda da Zəngəzurda bir tövlədə konsulluq yaratdı. Zəngəzur dəhlizinin açılmasına mane olur. Arada çox irəli gedərək, bəyanat vermişdilər ki, Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir. Azərbaycan nə qədər yumşaq, diplomatik qaydalara uyğun münasibət sərgiləsə də, onlar mövqelərini dəyişmədilər. Hətta son zamanlar onların bir mollası durub ölkə başçısının ünvanına səviyyəsiz şəkildə çıxışlar etdi. İran rəhbrəliyi tərəfindən isə ona qarşı ölçü götürülmədi.

Ona görə hesab etmirəm ki, İranın bizə olan mövqeyi müsbətə doğru dəyişə bilər. İrandakı Azərbaycan türklərinin vəziyyətinə gəlincə, deyə bilərəm ki, orada zaman-zaman inqilablar olub. Pişəvəri, Xiyabani və başqalarının etirazları olub və qələbə ilə nəticələnib. Azərbyacan türkləri üçün ədalətli status-kvo bərpa olunmayana qədər, orada etirazlar baş tutacaq. Prosesləri inzibati yollarla əzməklə nəticə əldə etmək mümkün deyil. Ölkə prezidenti Pezeşkian Azərbaycan türkçəsində şeir söyləmişdi, hətta prezidentə belə irad tutmuşdular ki, türkçə danışma. Konstitusiyanın 19-cu maddəsinə görə nəinki Azərbayvan türkcəsində danışmaq, hətta orada bu dildə məktəblər, universitetlər olmalıdır. İşğal altında qalan Güney Azərbaycan türklərinə və Guzey Azərbayacana qarşı onların münasibəti dəyişməyəcək. Düşünürəm ki, Azərbaycan xarici siyasətində mütləq şəkildə bu məsələni nəzərə almalıdır.

- Fərəc bəy, növbəti parlament seçkilərinə qatılacaqsınızmı?

- Son seçkilərə qatılmadım. İndi hələ parlament seçkisi haqqında söhbət yoxdur. Mənim seçkiyə qatılmağım partiyanın mövqeyinə bağlı məsələdir. Harada olmağımdan asılı olmayaraq, bir yolum və bir baxışım var. Özümü Azərbaycan dövlətinin əsgəri hesab edirəm. Hansı statusda olmağımın mənim üçün önəmi yodur.

Aydın Baxış


SON XƏBƏRLƏR