Çin və Yaponiya arasında son günlərdə müşahidə olunan gərginlik ilk baxışdan iki paytaxt arasında sərtləşən diplomatik ritorika kimi görünə bilər, lakin əslində regiondakı daha dərin və sistemik dəyişikliklərin əlamətidir.
Asiya-Sakit Okean məkanında güc paylanması təkcə iqtisadi göstəricilərlə deyil, təhlükəsizlik arxitekturasının yenidən qurulması ilə formalaşır və Pekin-Tokio xəttində artan sərtlik bu transformasiyanın təzahürüdür.
Bu gərginliyin yeni mərhələsini müəyyən edən əsas xüsusiyyət ondan ibarətdir ki, Çin artıq təkcə xəbərdarlıq edən deyil, həm də preventiv təsir göstərməyə çalışan güc kimi davranır. Pekin son aylar Yaponiyanın hərbi modernizasiya planlarına, ABŞ ilə genişlənən təhlükəsizlik əməkdaşlığına və Tokio ilə Vaşinqton arasında sənədləşdirilən müdafiə inteqrasiyasına qarşı daha çevik və çoxqatlı reaksiyalar verir. Xüsusilə Tayvan boğazında mümkün böhran ssenarisinin Pekin üçün “qırmızı xətt” olduğunu nəzərə alsaq, Yaponiyanın coğrafi mövqeyi və ABŞ-nin region strategiyasında oynadığı rol Çinin təzyiq mexanizmlərini daha da aktivləşdirir.
Tokionun yeni hərbi-diplomatik kursu da vəziyyəti daha həssas edir. Yaponiyada təhlükəsizlik konsepsiyası köklü şəkildə dəyişir. Ölkə illərdir davam edən zəif müdafiə modelindən uzaqlaşaraq regionda daha sərt mövqe tutur. Müdafiə büdcəsinin rekord həcmdə artırılması, raket qüvvələrinin modernləşdirilməsi, ABŞ və AUKUS ölkələri ilə koordinasiyanın dərinləşməsi Pekinin narahatlığını artırır. Çin bunu yalnız balanslaşdırıcı addım kimi deyil, gələcək konfiqurasiyada Yaponiyanın “ön cəbhə dövləti” rolunu qəbul etməyə başlaması kimi görür.
Həm Pekin, həm Tokio bu rəqabəti yalnız bir-birinə yönəlmiş siyasət kimi deyil, daha böyük regional çərçivədə qiymətləndirir. ABŞ artıq açıq şəkildə Yaponiyanı Hind-Sakit Okean strategiyasının mərkəzi dayağı hesab edir. Bu isə deməkdir ki, Yaponiyanın hərbi-siyasi aktivliyi Çin üçün təkbaşına təhlükə deyil. Bu aktivlik Vaşinqton tərəfindən dəstəklənən, geniş koalisiyanın bir hissəsidir. Pekinin ritorik sərtliyinin artmasının səbəbi də budur. Çin ABŞ-Yaponiya tandeminə qarşı paralel strategiya qurur.
Bu kontekstdə Pekinin təzyiq vasitələri daha çox hibrid xarakter daşıyır: diplomatik şantaj, iqtisadi siqnallar, regional informasiya müharibəsi, Senkaku ətrafında təzyiq manevrləri və Yaponiyada siyasi qütbləşməni gücləndirməyə hesablanmış mesajlar. Çin üçün vacib olan Yaponiyanın öz daxilində “təhlükəsizlik xərcinin” artmasıdır, yəni, Tokio yeni kursun ictimai dəstəyinin zəifləməsi fonunda daha ehtiyatlı davranmağa məcbur olsun.
Çinin güvəndiyi amillərdən biri də Rusiyanın regionda yaratdığı qeyri-müəyyənlik fonudur. Moskva ilə Pekin arasındakı strateji yaxınlaşma Yaponiyanın risk hesablamalarını daha mürəkkəbləşdirir. Rusiya Asiyada hərbi aktivliyini artırdıqca, bu, Çinə Yaponiyanı iki cəbhədən sıxışdırmaq imkanı verir. Şimaldakı Kuril məsələsi və cənub-şərqdəki dəniz bölgələri paralel təzyiq zonaları kimi formalaşır.
Hazırkı mərhələdə açıq hərbi toqquşma real görünmür, lakin qarşıdakı dövrdə Çin-Yaponiya münasibətləri daha çox geopolitik testlərlə qarşılaşacaq. Mübahisəli adalar, Tayvan ətrafındakı ssenarilər, ABŞ-nin regional təşəbbüsləri, həmçinin Yaponiyanın milli təhlükəsizlik strategiyasındakı kəskin dönüş nöqtələri gərginliyin dərinləşəcəyinə işarə edir.
Nəticə etibarilə, son hadisələr göstərir ki, Çin-Yaponiya münasibətləri təkcə iki dövlət arasındakı tarixi və ərazi mübahisələrinin nəticəsi deyil. Bu, qlobal güc nisbətlərinin yenidən qurulduğu bir dövrdə Asiya-Sakit Okeanda hegemonluq uğrunda gedən daha geniş mübarizənin tərkib hissəsidir. Region qarşıdakı illərdə daha çox strateji manevr, daha çox psixoloji təzyiq və daha çox riskli diplomatiya ilə üzləşəcək.
Ruslan Zəngəzur
Bakı 



