Xəbər verdiyimiz ki, mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpa edilir.
Bu da cəmiyyətdə Azərbaycanın Gürcüstanla, eləcə də digər ölkələrlə quru sərhədlərinin açılması kimi başa düşülüb.
Amma qatar reyslərinin bərpası barədə iki dövlət arasında razılaşma əldə edilməsinə baxmayaraq xüsusi karantin rejiminin ölkə ərazisində ləğv edilməsi barədə hələlik hər hansı bir qərar qəbul edilməyib.
Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı ölkə.az-a danışan iqtisadçı Vüqar Oruc bildirib ki, burada əsas məsələ quru sərhədlərlə bağlı qərarın Nazirlər Kabineti tərəfindən verilməsidir.
“Quru sərhədləri Nazirlər Kabinetinin qərarı ilə bağlanıb və hər 6 aydan bir karantin dövrü artırılır. Qüvvədə olan karantin qərarı 26 iyulda yekunlaşacaq və ondan sonra müvafiq qərar olacaq ki, karantin rejimi aradan qaldırırsın, yoxsa davam eləsin.
Hər hansı bir ölkə ilə sərhəddə qatarların gedişi və yaxud da digər nəqliyyat vasitələri ilə gediş barədə xüsusi qərar olacaqsa, bu, müvafiq qurumların qərarı ilə baş verə bilər.
Hazırda ölkələrlə quru sərhədlərinin bağlı olması yalnız Nazirlər Kabinetinin karantinlə bağlı qərarı ilə əlaqəlidir. Həmin qərarın aradan qaldırılması və yaxud da karantinin dayandırılması təbii ki, həmin dövlət qurumunun səlahiyyəti daxilindədir.
Sadəcə onu qeyd etmək olar ki, quru sərhədlərin açılması ölkə iqtisadiyyatına, turizmə, vətəndaşların turizm səyahətlərinin daha ucuz və optimal şəraitdə həyata keçirilməsinə dəstək ola bilər.
Yəni bu istiqamətdə əgər digər ölkələrlə bağlı təhlükəsizlik baxımından hər hansı bir problem yoxdursa, qərarlar qəbul oluna bilər. Amma hazırda Nazirlər Kabinetinin karantin müddəti ilə bağlı qərarı qüvvədədir. Bunun üçün müvafiq dövlət qurumlarının konkret ayrıca qərar vermələri istisna deyil”.
Ekspert hesab edir ki, hazırda bütün həmsərhəd ölkələrlə olmasa da, Gürcüstan və Rusiya ilə sərhədlərin açılması ehtimalı daha mümkün görünür:
“Azərbaycanın İran, Rusiya, Gürcüstan, Türkiyə və Ermənistanla quru sərhədləri mövcuddur.
Fikrimcə, Rusiya və Gürcüstanla quru sərhədlərin açılması ehtimal olaraq digərlərindən daha çox real görünür. Çünki hazırda Ermənistanla sərhədin açılması yekun sülh müqavilasi bağlanarsa və müəyyən qərarların dövlət səviyyəsində qəbulundan sonra mümkün ola bilər. Bütün bu məsələlər təbii ki, 26 iyuldə veriləcək qərardan sonra rəsmi şəkildə müzakirə edilə bilər. Çünki hazırda karantin müddəti hələ də davam edir.
Gürcüstanla bağlı qərar quru sərhədlərin açılması kimi qəbul olunmamalıdır. Burada yalnız qatar vasitəsi ilə hərəkətin təmin olunmasından söhbət gedir”.
Qeyd edək ki, Gürcüstana qatar səfərlərinin bərpası ilə bağlı qərarı AR İqtisadiyyat Nazirliyi açıqlayıb.
Bakı 




