"Azərbaycan Çinlə tərəfdaşlığın dərinləşməsində maraqlıdır".
Bunu Azərbaycan-Çin tərəfdaşlığını şərh edən deputat Müşfiq Cəfərov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, artıq Çin bir çox göstəricilərinə görə dünyanın güc mərkəzinə çevrilib. Beynəlxalq aləmdə Çinin mövqeyi, irəli sürdüyü təkliflərə önəm verilir:
"Bu ölkənin əsas iqtisadi-ticarət tərəfdarı ABŞ və Avropa İttifaqıdır. 2022-ci ildə tərəflər arasında iqtisadi ticarət dövriyyəsinin həcmi 1,6 trilyon dollar olub. Ötən il hesabatında ABŞ ilə xarici ticarət əlaqəsi tarixi rekord həddə çatıb. Çin ticarət həcmi üzrə ABŞ-nin Meksika və Kanadadan sonra üçüncü ən böyük tərəfdaşıdır. Bu cür böyük iqtisadi əlaqələri olan və dünya iqtisadiyyatının çox vacib halqası olan Çinlə Azərbaycan arasında tərəfdaşlıqlar haqqında sənədlərin imzalanması bir daha dövlətimizin gücünün və siyasi mövqeyinin öz sözünü dediyini göstərir".
Onun sözlərinə görə, Pekin qlobal miqyasda heç bir münaqişənin müəllifi və ya həmmüəllifi sayılmır. Çin adətən toqquşan tərəflərdən öz milli maraqları çərçivəsində birini müdafiə edir və yaxud dəstəkləyir.
Müşfiq Cəfərov: Dövlətimizin gücü və siyasi mövqeyi öz sözünü deyir
Müsahibimiz deyib ki, Çin münaqişələrdə ümumi təhlükəsizlik və sabitlik mövqeyindən çıxış edərək öz mövqeyini qoruyub saxlayır. Azərbaycanın ticarət tərəfdaşı olaraq Çin dördüncü yeri tutur. Bu da ciddi nəticədir:
“Həmçinin Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda iki ölkənin hakim partiyaları arasında görüşlər olub”.
“Bir sözlə, əlaqələr müxtəlif müstəvilərdə inkişafdadır. Azərbaycan Çinlə tərəfdaşlığın dərinləşməsində maraqlıdır. Çünki bu ölkə dünyada iqtisadi gücünü ortaya qoyan dövlətdir", - deyə Müşfiq Cəfərov vurğulayıb.
Gülşən Şərif