q
  • Bakı 19° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında

MƏDƏNİYYƏT

12 May 2026 | 11:53

Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında

Azərbaycan mədəni irsin qorunması və rəqəmsallaşdırılması sahəsində daha bir beynəlxalq uğura imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Böyük Britaniyanın nüfuzlu “Global Brand Magazine” nəşrinin təşkil etdiyi beynəlxalq müsabiqədə “İrsin qorunmasında ən yaxşı dövlət innovasiyası” nominasiyası üzrə qalib elan olunub.

Mükafatın təqdim edilməsində “Vahid Mədəniyyət Reyestri” informasiya sisteminin yaradılması, 3000-dən çox daşınmaz mədəni irs nümunəsinin vahid rəqəmsal platformaya inteqrasiyası, Qarabağ və Şərqi Zəngəzurda tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və qiymətləndirilməsi istiqamətində görülən işlər əsas meyar kimi qiymətləndirilib.

Bununla yanaşı, Coğrafi İnformasiya Sistemi, dron və peyk texnologiyalarının tətbiqi, “MyCulture” vahid şəxsi kabinet sistemi üzərindən rəqəmsal müraciət imkanlarının yaradılması, şəffaf və vətəndaşyönümlü dövlət xidməti modelinin formalaşdırılması xüsusi vurğulanıb.

Qeyd olunub ki, “dövlət sektoru” kateqoriyası üzrə mükafatlar indiyədək Yaponiya Nazirlər Kabineti, Almaniya Federal Məşğulluq Agentliyi, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti, Sinqapur Dövlət Texnologiya Agentliyi, İsrail Milli Kibertəhlükəsizlik Direktorluğu, Danimarka Enerji Agentliyi və digər nüfuzlu qurumlara təqdim edilib. Həmçinin “e-Estonia” və “Smart Dubai” kimi qlobal layihələr də bu mükafata layiq görülənlər sırasındadır.

Bu uğur Azərbaycanın mədəni irsin idarəedilməsi, rəqəmsallaşdırılması və innovativ dövlət xidmətləri sahəsində beynəlxalq nüfuzunun artdığını göstərir.

Qeyd edək ki, “Global Brand Magazine” dövlət idarəçiliyi, innovasiya və institusional inkişaf sahələrində fəaliyyət göstərən qurumların qiymətləndirilməsi üzrə beynəlxalq nüfuzlu platformalardan biri hesab olunur.

Ətraflı siyahı ilə Global Brand Magazine Awards 2026 səhifəsində tanış olmaq mümkündür.


SON XƏBƏRLƏR

12 May 2026