Dövlət Miqrasiya Xidmətinin yüksək ixtisaslı mütəxəssislər üçün yeni “High-Skilled Migrant” portalını istifadəyə verməsi əmək bazarında keyfiyyətli kadr çatışmazlığının aradan qaldırılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.
Bu portal Azərbaycanın iqtisadi inkişaf prioritetlərinə uyğun mütəxəssislərin ölkəyə cəlb olunmasını hədəfləyir. Xüsusilə 70/100 bal sistemi vasitəsilə müraciətçilərin peşəkarlıq səviyyəsi daha obyektiv şəkildə dəyərləndiriləcək.
Bundan başqa, proqramın ailə üzvləri üçün nəzərdə tutduğu əlavə güzəştlər miqrantların ölkədə uzunmüddətli fəaliyyətini təşviq edə bilər. Yeni sistem həm də qlobal rəqabətin artdığı bir dövrdə Azərbaycana beynəlxalq istedadların cəlb olunması baxımından strateji əhəmiyyət daşıyır.
Miqrantların artması sosial inteqrasiya mexanizmlərinin daha sistemli və çevik olmasını zəruri edir. Bu proses həm mədəni müxtəlifliyin artmasına, həm də sosial adaptasiya siyasətlərinin təkmilləşməsinə şərait yarada bilər.
Bütün bu məsələlər yeni proqramın ölkəyə təsirlərinin qiymətləndirilməsini aktuallaşdırır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev xatırladıb ki, bu yaxınlarda cənab Prezident də miqrantların ölkəyə gəlişi ilə bağlı sənəd imzalayıb. Onun sözlərinə görə, hazırda bəzi sahələrdə ciddi kadr boşluqları mövcuddur.
"Tələb-təklif baxımından müəyyən işlərin görülməsi zəruridir. Əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı həyata keçirilməlidir. Təhsil müəssisələri bu tələbdən çıxış edərək tələbə qəbulu planlarını düzgün formalaşdırmadıqca, xaricdən mütəxəssis cəlb olunmasına ehtiyac yaranacaq. Bu isə təhsil sistemimizdəki mövcud boşluqları göstərir",- o, qeyd edib.

Üzeyir Şəfiyev: Düzgün addımlar atılarsa, xaricdən mütəxəssis dəvətinə ehtiyac azalacaq
Həmsöhbətimiz diqqətə çatdırıb ki, kadr hazırlığında yanaşmalarımızı dəyişməli, yaxın və orta perspektivdə düşünərək psixoloji və strateji hesablamalar aparmalıyıq:
"Bu istiqamətdə düzgün addımlar atılarsa, xaricdən mütəxəssis dəvətinə ehtiyac azalacaq. Mövcud vəziyyət isə mexaniki artıma təşviq yaradır. Xarici əmək qüvvəsinin artımı orta perspektivdə miqrant ekspansiyasına səbəb ola, əmək bazarının əhəmiyyətli hissəsini ələ ala bilər. Bu, dünyada tez-tez rast gəlinən bir tendensiyadır".
Üzeyir Şəfiyev qeyd edib ki, strateji hədəflər düzgün seçilməli, təhsil müəssisələrində əmək bazarına uyğun kadr hazırlığı aparılmalıdır. Əmək bazarının hərtərəfli araşdırılması vacibdir ki, ixtisaslı miqrant axınının qarşısı alınsın. Hazırkı şəraitdə bu addımlar zəruridir. Vaxtında tədbirlər görülsəydi, bu gün miqrant axını ilə bağlı narahatlıqlar daha az olardı.
"Bu isə onu göstərir ki, əmək bazarı artıq daha rəqabətədavamlı kadrlar tələb edir. Təhsil müəssisələri planlama prosesində ehtiyac analizini yenidən nəzərdən keçirməli, hansı ixtisaslara tələb varsa, həmin sahələr üzrə kadr hazırlamalıdır. Hüquq, filologiya kimi sahələrdə kadr çoxluğu müşahidə olunur və ehtiyac artıq böyük ölçüdə ödənilib",- deyə mütəxəssis əlavə edib.
Müsahibimiz onu da deyib ki, miqrant axınının qarşısı alınmasa, ölkəni müəyyən təhdidlər gözləyə bilər:
"Azərbaycanda daimi qeydiyyatı olmayan şəxslərə qoyulan bəzi məhdudiyyətlər müsbət addım kimi qiymətləndirilə bilər. Bununla belə, ixtisaslı miqrantların sürətlə ölkəyə daxil olacağı ehtimalı da nəzərə alınmalıdır".
Əli Hüseynov
Bakı 



