• Bakı 24° C

    13.19 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Azərbaycanda “Temu” ilə bağlı araşdırma nə ilə nəticələnə bilər?

CƏMİYYƏT

19 Iyul 2026 | 14:37

Azərbaycanda “Temu” ilə bağlı araşdırma nə ilə nəticələnə bilər?

Azərbaycanda geniş istifadə olunan onlayn alış-veriş platforması “Temu” ilə bağlı araşdırmaya başlanılıb. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi platformanın sahibi olan “PDD Holdings” şirkəti barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, Agentliyin açıqlamasına görə, şirkətin “Temu” platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti tətbiq etməklə hökmran mövqeyindən sui-istifadə etdiyi ehtimal olunur. Bu səbəbdən Azərbaycan Rəqabət Məcəlləsinin 16.2.1-ci (aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi), eləcə də 16.2.7 və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə araşdırma aparılır. Hazırda işə baxılması davam edir.

Bu xəbər Temu üzərindən alış-veriş edən minlərlə istehlakçı arasında müəyyən narahatlıq yaradıb. Əsas sual isə budur: araşdırma platformanın Azərbaycandakı fəaliyyətinə necə təsir göstərə bilər?

İqtisadçı Natiq Cəfərli hesab edir ki, bu iş kifayət qədər maraqlı və eyni zamanda qeyri-adi presedentdir. Onun sözlərinə görə, rəqabət araşdırmaları adətən istehlakçıların və ya bazar iştirakçılarının şikayətləri əsasında aparılır. Hazırkı vəziyyətdə isə həm alıcıların, həm də satıcıların platformadan ümumilikdə məmnun olduğu müşahidə edilir.

Ekspert bildirir ki, Agentliyin açıqlamasında “haqsız rəqabət” ifadəsi yer alsa da, bunun konkret olaraq hansı hərəkətlə ifadə olunduğu açıqlanmır. Məhz buna görə də ittihamların hüquqi əsaslarını qiymətləndirmək çətindir.

Onun fikrincə, Azərbaycanda elektron ticarət bazarı yeni inkişaf mərhələsindədir və belə platformalar bazarda rəqabəti artırır, istehlakçılara daha sərfəli qiymətlərlə məhsul əldə etmək imkanı yaradır. Buna görə də əsaslandırılmamış məhdudiyyətlər tətbiq etmək əvəzinə elektron ticarətin inkişafını stimullaşdıracaq qərarların qəbul edilməsi daha məqsədəuyğun olardı.

İqtisadçı Xalid Kərimli isə bildirir ki, hər şey araşdırmanın nəticəsindən asılı olacaq. Onun sözlərinə görə, əgər Rəqabət Məcəlləsinin pozulması və bunun nəticəsində bazarda qanunsuz üstünlüyün əldə edilməsi sübuta yetirilərsə, Agentliyin kifayət qədər geniş səlahiyyətləri var.

Ekspert qeyd edir ki, qanunvericilik Agentliyə:

Şirkətin fəaliyyətini yoxlamaq, sənəd və məlumatlar tələb etmək, dövriyyədən hesablanan iri məbləğli cərimələr tətbiq etmək, zərurət yaranarsa, fəaliyyəti məhdudlaşdırmaq kimi səlahiyyətlər verir.

Lakin Xalid Kərimli vurğulayır ki, hazırda hansı konkret maddələrin hansı hərəkətlə pozulduğu ictimaiyyətə açıqlanmayıb. Buna görə də “Temu”ya qarşı irəli sürülən iddiaların nə dərəcədə əsaslı olması barədə indidən qəti fikir söyləmək mümkün deyil.

Ekspertin sözlərinə görə, təkcə məhsulların ucuz satılması heç bir halda qanun pozuntusu hesab edilmir. Burada əsas məsələ qiymət siyasətinin bazarda rəqibləri sıxışdırmaq məqsədi daşıyıb-daşımamasıdır:

“Əgər şirkət məhsulları uzun müddət ərzində maya dəyərindən aşağı qiymətə satmaqla rəqibləri bazardan çıxarmağa çalışırsa və bu davranış sistemli xarakter daşıyırsa, belə hal dempinq kimi qiymətləndirilə və rəqabət qanunvericiliyinin pozulması hesab oluna bilər. Bununla yanaşı, belə qiymətləndirmə aparılarkən şirkətin bazardakı payı, hökmran mövqeyə malik olub-olmaması və qiymət siyasətinin bazara real təsiri də araşdırılmalıdır”.

Hazırkı mərhələdə “Temu”nun Azərbaycandakı fəaliyyətinin dayandırılması və ya platformanın ölkədən çıxacağı barədə hər hansı nəticə çıxarmaq üçün hüquqi əsas yoxdur. Araşdırma davam edir və yekun qərar yalnız bütün sübutlar qiymətləndirildikdən sonra veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyul 2026
18 Iyul 2026