Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a daxil olan məlumatda deyilir:
"Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində avtoqəza nəticəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Yanğın həcmi 20 ton olan “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili, kəsmə daşla dolu “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobilinin zəncirvari toqquşması nəticəsində qeydə alınıb. Yanğın nəticəsində yanacaqdaşıyan və minik avtomobillərinin yanar hissələri, yanacaqdaşıyan avtomobildəki çənin içərisində olan və ətrafa dağılan yanacaq yanıb. Hadisə nəticəsində Mercedes” markalı yük avtomobilinin sürücüsü həlak olub.
“KamAZ” markalı yük avtomobili və yolətrafı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır".
10:15
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.
BDYPİ-dən Bakıvaxtı.az-a bildirilib ki, bu gun Bakı-Qazax yolunun 55-ci km-də yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın tam olaraq söndürülüb.
Hərəkətin nizamlanması DYP əməkdaşları tərəfindən tənzimlənir.
Qəzada “Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı 99-ZD-593 dövlət qeydiyyat nişanlı və “KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Nəticədə yanacaqdaşıyan “Mercedes” markalı avtomobilin sürücüsü həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
10:10
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğın söndürülüb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün səhər saatlarında FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.
Hadisə nəticəsində ilkin məlumata əsasən, bir nəfər həlak olub.
Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
09:00
Bakı-Astara yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yanacaq daşıyan maşında partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.
Hadisə zamanı yanacaq daşıyan TIR-la “KamAZ”ın toqquşduğu və daha bir neçə maşının zərər çəkdiyi bildirilir.
FHN-dən bildirilib ki, 112 qaynar xəttinə daxil olan məlumata əsasən, Qobustan qəsəbəsində yol kənarında yanacaq daşıyan maşın yanır: “FHN-in qüvvələri dərhal hadisə yerinə gediblər. Əlavə məlumat veriləcək”.
Qeyd edək ki, hadisəyə görə hazırda həm Qazax, həm də Astara istiqamətində avtomobillərin hərəkəti dayandırılıb. /Qafqazinfo
















jpg-1675321761.webp)









