Demək olar, hər gün günün müəyyən saatlarında, xüsusilə də səhər və axşam avtobusların hərəkət intervalında gecikmələr olur. Adətən Bakıda yay aylarında belə tıxaclara rast gəlinmir. Bəs hazırkı gecikmələr və tıxacların səbəbi nədir?
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Bakıvaxtı.az-a bildirib ki, pik və ya qeyri-pik saatlarda müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda müşahidə olunan gecikmələr gündəlik xəttə çıxan avtobuslaırn sayı ilə bağlılığı yoxdur: “Adi rejimdə əgər xətlərə 2100-2200 avtobus çıxırdısa, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla xətlərə 1900-2000 avtobus çıxarılır. Bu rəqəmin sərnişin tələbatından asılı olaraq artırılması da mümkündür”.

Mais Ağayev: Ən düzgün yol avtobus zolaqlarının əhatə dairəsinin genişləndirilməsinə nail olmaqdır
M.Ağayev deyir ki, gecikmələri yaradan başlıca səbəb yollardakı nəqliyyat sıxlıqlarıdır: “Hər hansısa bir yolda sıxlıq varsa, həmin istiqamətə əlavə avtobus buraxmaqla sıxlıqda qalan avtobusların sayını artırmış oluruq. Bunun isə dayanacaqda qalıb dəqiqələrlə gözləyən sərnişinə hər hansısa bir faydası yoxdur”.
BNA sözçüsü vurğulayıb ki, avtobuslararası intervalların tənzimlənməsinin ən düzgün yolu avtobus zolaqlarının əhatə dairəsinin genişləndirilməsinə nail olmaqdır: “Bəli, bu gün şəhərimizdə 10 küçə və prospektdə belə zolaqlar var. Lakin bu zolaqların davamsızlığı və zolağın tələbinə riayət olunmaması hədəflənən səmərəli nəticələr əldə etməyə imkan vermir”.
M.Ağayev misal olaraq elə 7A müntəzəm marşrut xətti üzrə avtobusların da keçdiyi Qara Qarayev prospektini göstərib: “Burada da zolaq var. Amma zolağın tələbinin bütün prospekt boyunca kobud şəkildə pozulması səbəbindən avtobuslar gecikmə ilə hərəkət etməli olurlar. Əgər bu hissədə avtobus zolağının tələbinə riayət olunarsa, o zaman pik saatlarda belə 7A müntəzəm marşrut xətti üzrə avtobuslar metronun “Əhmədli” stansiyasının qarşısındakı dayanacaqdan metronun “Q.Qarayev”stansiyasının qarşısındakı dayanacağa qədər olan məsafəni 14 dəqiqəyə qət edə bilər. Amma indiki halda bu müddət 30-35 dəqiqə, bəzən isə daha çox olur. Avtobus zolağı sərnişinlərin avtobuslarla səfərlərinin müddətini ən azı iki dəfə azaldır. Bunun özü ictimai nəqliyyatdan istifadəni stimullaşdırır. Nəticə etibarilə insanlar fərdi avtomobillə deyil, daha çox avtobuslarla hərəkətə üstünlük verəcəklər ki, bunun özü də bilavasitə nəqliyyat sıxlıqlarının azalması baxımından əhəmiyyətlidir”.

Rüstəm Əhmədli: Bəzən sürücülər ictimai nəqliyyat üçün ayrılmış zolaqlarda qaydaları pozur, zolağa daxil olurlar
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Rüstəm Əhmədli Bakıvaxtı.az-a bildirib ki, sıxlıqların yaranmasına sürücülərin zolaqlar üzrə düzgün cərgələnməməsi, əvvəlcədən hara gedəcəkləri istiqaməti müəyyən etməmələri, dayanma-durma texnikalarına riyaət olunmamağı, texniki nasaz olan nəqliyyat vasitələri ilə hərəkətdə olmaları, cüzi maddi ziyanla nəticələnən yol nəqliyyat hadisələri zamanı nəqliyyat vasitəsini hərəkət hissəsində saxlamaları və digər sürücülərin də buna baxmaları səbəb olur. Onun sözlərinə görə, bəzi hallarda sürücülər yol hərəkəti qaydalarını pozaraq digər nəqliyyat vasitələrinin qarşısına çıxır, bu da sıxlıqların yaranmasına səbəb olur: “Bildiyimiz kimi, 72% nəqliyyat Bakı şəhərində hərəkətdədir və qeyd etdiyimiz məsələlərdə sıxlıqlara daha çox səbəb yaradır. Bayaq qeyd etdiyimiz məsələlər də baş verdikdə sıxlıqların yaranmasına səbəb olur”.
R.Əhmədli vurğulayıb ki, bəzən sürücülər ictimai nəqliyyat üçün ayrılmış zolaqlarda hərəkət zamanı dayanma-durda qaydalarını pozur, zolağa daxil olurlar: Bu da ümumi intensivliyin aşağı düşməsinə səbəb olur: “Əsas müraciətimiz ondan ibarətdir ki, sürücülər yol hərəkəti qaydalarına riyaət etməklə sürət həddində diqqətli olmalı, ara məsafəsini düzgün seçməli, piyadalar yeraltı və yerüstü keçidlərdən hərəkət etməlidirlər. Bildiyimiz kimi, hər hansı bir piyada və ya sürücünün səhlənkarlığı piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinə gətirib çıxarır. Bədbəxt hadisələrə səbəb olmamaq üçün həm sürücülər, həm də piyadalar diqqətli olmalıdırlar”.
Aytac Aslan
















