Xəbər verdiyimiz kimi, Bakı şəhərində qəzalı binaların inventarizasiyasına başlanılıb. Müvafiq tədbirlər görülməsi üçün komissiya yaradılıb.
Bəs tədbirlər görülənə qədər qəzalı binalarda təhlükəsizliyi qorumaq üçün nə etmək lazımdır?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakıvaxtı.az-a bildirib ki, bu gün təkcə Bakı və Abşeron ərazisində minlərlə istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binaları var: “Fövqaladə Hallar Nazirliyi tərəfindən artıq yüzlərlə bina qəzalı kimi qeydə alınıb. Lakin, düşünürəm ki, dəqiqliklə bütün binalar üzərində yoxlamalaq aparılarsa, qəzalı binaların sayı daha çox olar”.
Onun sözlərinə görə, bunun əsas səbəbi zamanında həmin köhnə yaşayış binalarına mənzil istirmar idarələrinin nəzarət etməsidir: “Kommunal pulları yığırdı və binalarda hər hansı problem və xərc tələb olunarsa, o işləri mənzil istismar idarəsinin işçiləri aparırdı. Lakin daha sonra həmin mənzil istirmar idarələrindən, yəni JEK-lərdən bu səlahiyyət alındı. Demək olar, həmin yaşayış binaları baxımsız bir vəziyyətdə qaldı”.
Ekspert deyir ki, hətta bu gün istismar müddəti çoxdan bitmiş minlərlə bina var ki, onların yaşını uzaqtmaq ciddi məbləğdə pul tələb edir. E.Fərzəliyev hesab edir ki, gec də olsa, düzgün atılmış bir addımdır: “Çünki bu binalar, təbii ki, zamanla söküləcək, amma bütün binalar qısa vaxt ərzində çökülə bilməz. Fiziki olaraq bunu çatdırmaq mümkün deyil, digər tərəfdən, söküntü işlərini özəl tikinti şirkətləri aparır.
Onun sözlərinə görə, lakin bu gün tikinti normativlərinə əsaslansaq, görərik ki, tikinti şirkətləri əvvəlki kimi böyük həcmli binalar tikə bilməzlər: “Bu da şəhərin tikinti sıxlığından qorunması üçün atılmış bir addımdır. Lakin bu addım ümumən tikinti, əmlak sahəsinə, şəhərin baş planının qorunub saxlanmasına xidmət etsə də, tikən şirkətlər üçün əlverişli deyil. Bu baxımdan düşünürəm ki, binaların hamısı qısa vaxt ərzində sökülməməli, həmin binalara vaxtında xidmət olunmalıdır. Yəni, sökülən yerlər düzəldilməli, tələb olunan xərclər qoyularaq söküləcəyi müddətə qədər ömrü uzadılmalıdır. Əgər hazırda qəzalı vəziyyətdə olan binalara belə vaxtında təmir işləri aparılsaydı, bu qədər də qəzalı vəziyyətə gəlim çıxmazdı”. E.Fərzəliyev vurğulayıb ki, təhlükəsizlik qaydaları ilə bağlı müəyyən işlər görülməlidir: “Sökülənə qədər həmin bunalardakı təhlükələr aradan qalxmalıdır. Əgər təhlükə, həqiqətən də, aradan qaldırılacaq kimi deyilsə, sakinlər köçürülməli və binalar sökülməlidir”.
Müsahibimiz deyir ki, başqa bir tərəfdən baxsaq, bu gün tikinti şirkətləri ilə sakinlər arasında əksər hallarda qalmaqallar yaşanır. Yəni, bina qəzalı vəziyyətdədir, tikinti şirkəti bina üçün sərəncam alıb layihə təsdiqlədib ki, binanı söküb yerində yeni bina tiksin və sakinlərə ordan mənzil versin: “Lakin çox vaxt biz görürük ki, sakinlər şirkətdən daha böyük mənzil tələb edirlər. Bu da uzunmüddətli qalmaqala və tikintinin gecikməsinə gətirib çıxarır. O baxımdan, bu cür binalarda tək tikinti şirkətləri deyil, aidiyyati orqanlar, yerli icra hakimiyyətləri hərəkətə keçməli, sakinlərlə danışıqlar aparılmalıdır. Həmçinin, onlar söküləcək binalardakı mənzilləri vaxtında tərk etmələrini sakinlərdən xahiş və tələb etməlidirlər ki, bu proses yubanmasın”.
Əlavə olaraq, sakinlərə də zəmanət verilməlidir ki, sizin mənziliniz deyilən tarixdə təhvil veriləcək: “Bir çox sakinlər daha çox zəmanət verilmədiyi üçün mənzillərindən çıxmaq istəmirlər. Düşünürlər ki, adi MMC, tikinti şirkətidir birdən tikə bilməz, yarımçıq qoyar, fors-major hadisə baş verər. Bu baxımdan, mütləq şəkildə aidiyyatı orqanlar bu proseslərdə fəal iştirak etməlidirlər ki, qəzalı binaların sökülməsi və yenidəm tikilməsi prosesi sürətlə davam etsin”.
Aytac Aslan
















