• Bakı 12° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Balans və məsuliyyət: Bakının Qəzza qərarının strateji tərəfdaşlıqlara təsirin varmı?

SİYASƏT

12 Yanvar 2026 | 13:45

Balans və məsuliyyət: Bakının Qəzza qərarının strateji tərəfdaşlıqlara təsirin varmı?

Bir neçə gün öncə Azərbaycan televiziya kanallarına müsahibə verən ölkə başçısı İlham Əliyev bildirib ki, zərbaycan öz qoşunlarının kontingentini sərhədlərindən kənarda, o cümlədən Qəzzada sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərmək niyyətində deyil. Prezident müsahibəsində "Azərbaycanlıların həyatını və sağlamlığını başqaları üçün risqə atmaq niyyətimiz yoxdur" sözlərini söyləyib.

Prezidentin bu qərarı Azərbaycanın Yaxın Şərq ölkələri və Türkiyə ilə münasibətlərində hansı geosiyasi nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, prezidentin sözügedən fikirləri Azərbaycanın xarici siyasətində prinsipial və eyni zamanda balanslı mövqeni əks etdirir.

Onun sözlərinə görə, bu qərarın geosiyasi nəticələrinə bir neçə aspektdən yanaşmağa ehtiyac var:

“Əvvəla, bu mövqe Azərbaycan üçün Yaxın Şərq ölkələri ilə münasibətlərdə balans siyasətini gücləndirir. Azərbaycan uzun illər ərzində Fələstin məsələsində qəti mövqeyini qoruyub və ərəb dövlətlərinin daxili işlərinə müdaxilə etmədən diplomatik və humanitar dəstəklə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində aktiv olub. Prezidentin açıqlaması göstərir ki, Azərbaycan bu siyasəti davam etdirəcək, lakin hər hansı hərbi və ya döyüş əməliyyatlarına qoşulmaqla risk yaratmayacaq. Nəticədə region ölkələri ilə münasibətlərdə Azərbaycanın etibarlı, balanslı və riskə girməyən tərəfdaş imici möhkəmlənir. Bu, həm ərəb dövlətləri, həm də digər regional aktorlarla münasibətlərin stabilləşdirilməsinə xidmət edir”.

Y.Bağırzadəyə görə, digər tərəfdən bu qərar Türkiyə ilə strateji münasibətlərə təsir göstərmir.

“Məlumdur ki, Türkiyə Yaxın Şərqdə aktiv və bəzən hərbi müdaxilələrə hazır mövqedə olan aktor kimi çıxış edir. Amma Türkiyə Azərbaycanın mövqeyini də başa düşür və bu mövqe Türkiyə üçün nəinki qeyri-müəyyənlik yaratmır, əksinə Bakı ilə Ankaranın əməkdaşlığının çərçivəsini daha aydın göstərir. Türkiyə kifayət qədər yaxşı başa düşür ki, Azərbaycanın hərbi resursları yalnız milli müdafiə və beynəlxalq sülhməramlı missiyalar kimi ciddi mandatlarla məhdudlaşdırılır”. 

Müsahibimiz qeyd edib ki, üçüncüsü, bu mövqe geosiyasi nəticələr baxımından Azərbaycanın diplomatik nüfuzunu artırır. Prezidentin vurğuladığı kimi, Azərbaycan hərbi əməliyyatlarda iştirak etmədən, humanitar və diplomatik dəstək göstərməklə, beynəlxalq hüquq və məsuliyyət prinsiplərini qoruyur:

“Bu, Azərbaycanın regional və qlobal səviyyədə məsuliyyətli tərəfdaş kimi tanınmasına gətirib çıxarır. ABŞ, Avropa və ərəb ölkələri ilə əməkdaşlıq üçün əlavə imkanlar yaradır”.

Yusif Bağırzadə: Region ölkələri ilə münasibətlərdə Azərbaycanın etibarlı, balanslı və riskə girməyən tərəfdaş imici möhkəmlənir

Politoloq onu da qeyd edib ki, ən nəhayət bu mövqe Azərbaycanın daxili siyasi stabilliyinə töhfə verir. Vətəndaşların həyatını riskə atmamaq prinsipi cəmiyyət tərəfindən dəstəklənir və daxili legitimliyi gücləndirir:

“Bu, eyni zamanda Azərbaycanın xarici siyasətdə ehtiyatlılıq və balans prinsipini qorumasını təmin edir. Nəticə etibarilə Prezident İlham Əliyevin açıqlaması Azərbaycanın Yaxın Şərqdə sülh tərəfdarı, strateji və məsuliyyətli tərəfdaş imici yaratmasına, Türkiyə ilə hərbi-strateji əməkdaşlıq çərçivəsinin daha aydın müəyyənləşməsinə və regional aktorlarla münasibətlərin stabilləşməsinə xidmət edir. Həmçinin bu mövqe Azərbaycanın daxili sabitliyini qoruyaraq, beynəlxalq diplomatik nüfuzunu artırır”.

Gülşən Şərif


SON XƏBƏRLƏR