• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Banklarda əmanəti olanların vergidən azadolma müddəti uzadılacaq?

İQTİSADİYYAT

08 Sentyabr 2022 | 14:17

Banklarda əmanəti olanların vergidən azadolma müddəti uzadılacaq?

Vergi Məcəlləsinə əsasən, 2016-cı il fevralın 1-dən 2023-cü ilin yanvarın 31-dək banklarda əmanəti olan fiziki şəxslərin əldə etdikləri faiz gəlirləri gəlir vergisindən azad edilib. Qanunla müəyyən edilmiş müddət başa çatmaqdadır.

Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq Vergi Məcəlləsinə ediləsi dəyişiklik paketində bu azadolmanın müddətinin uzadılması ilə bağlı müddəa varmı?

2023-cü ildən başlayaraq vətəndaşların bank əmanətlərindən əldə etdikləri faizlərdən vergi tutulmağa başlanılacaqmı?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Bakıvaxtı.az-a bildirib ki, son illərdə payız sessiyasında Vergi Məcəlləsinə dəyişiklik olunması barədə Milli Məclisə qanun layihəsi təqdim olunur:

“Həmin layihəyə əsasən növbəti ildə Vergi Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliklərdə bir sıra hallarda güzəşt müddətlərinin uzadılması, digər vergi dərəcələrinə baxılması, bütövlükdə məcəllənin maddələrinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər öz əksini tapır”.

Deputat bildirib ki, bu ilin payız sessiyasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Milli Məclisə qanun layihəsinin təqdim edilməsi gözlənilir:

“Həmin qanun layihəsində sözügedən azadolmanın müddətinin uzadılması məsələnin öz əksini tapıb-tapaması barədə öncədən danışmaq çətindir. Hələlik qanun layihəsi təqdim olunmadığı üçün orda nələrin əks olunacağını müəyyənləşdirmək mümkün deyil. Nəzərə alsaq ki, azadolma ilə bağlı müddətin bitməsinə bir neçə ay var, təbii ki, qanun layihəsi təqdim olunduqdan sonra müddətin uzadılıb-uzadılmaması ilə bağlı təklifin olmasını demək olar. Ona görə də müddətin uzadılıb-uzadılmayacağı ilə bağlı fikir söyləmək hələ tezdir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026