Bu gün ABŞ Prezidenti Co Baydenin Polşaya ikigünlük səfəri başlayır.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər zamanı ABŞ dövlət başçısı Polşa Prezidenti Andrjey Duda ilə danışıqlar aparacaq, ölkənin sərhəd regionlarında könüllülər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşəcək və Ukrayna qaçqınlarının vəziyyəti ilə yaxından tanış olacaq.
Polşa Prezident Administrasiyasından bildirilib ki, ABŞ dövlət başçısının Polşaya səfəri son vaxtlarda ABŞ-dan yüksək səviyyəli səfərlər seriyasının məzmunca zirvə nöqtəsi hesab edilir.
Qeyd edilib ki, son həftələrdə ABŞ-ın vitse-prezidenti, müdafiə naziri və dövlət katibi Polşaya səfər ediblər.
C.Baydenin Polşaya səfəri çərçivəsində müzakirə ediləcək mövzular arasında NATO və Polşanın şərq cinahının təhlükəsizliyinin təmin olunması da dayanacaq.
















