Məlumdur ki, ölkəmizdə elmi dərəcələrin verilməsi "Təhsil haqqında" qanunla tənzimlənir. Həmin qanuna görə, ali təhsil müəssisələrində mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı üç səviyyəlidir: bakalavriat (tibb təhsili istisna olmaqla); magistratura (tibb təhsili istisna) və doktorantura (keçmiş aspirantura).
Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. Müşahidələrə görə, Azərbaycanda doktoranturaya maraq o qədər də ürəkaçan səviyyədə deyil. Xüsusən də oğlanlar bu elmi dərəcəyə maraq göstərmirlər.
Bəs görəsən, bu marağın az olmasının səbəbi nədir?
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, indiki dövrdə ölkəmizdə elm dalınca gedən gənclərin sayı olduqca azdır:
"Bu yaxınlarda Elmlər Akademiyasının işçilərinin, xüsusən də akademiklərin orta yaş həddi elan olundu. Təxminən yaş həddi 70-in üzərində olan bir rəqəmdir. Bu gün gənc nəsildən nəinki oğlanların, heç qızların da elmin arxasınca getməsi müşahidə olunmur. Azərbaycanda bu günə qədər 700 ballıq tələbələrimizin sayı 114 nəfər olub. 700 ballıq o deməkdir ki, həmin şəxslər zamanında ən yüksək nəticəni göstəriblər. Bu şəxslərin cəmi 6-7 nəfəri özlərini inkişaf etdirmək üçün xarici ölkələrdə elm dalınca gedirlər. Məsələ bundadır ki, bu gün yeni nəsil gənc alimlərə heç bir imtiyaz tanınmır".
Məzahir Məmmədli: Gənc alimlərin inkişafı üçün motivasiya verəcək addımlar atılmır
Ekspert hesab edir ki, bu gün gənc alimlərin evlə təmin olunması və güzəştli ipoteka verilməsi yaxşı olardı.
"Güzəştli ipoteka yalnız 3 illik fəaliyyətdən sonra verilsə də, bu imkan ümumitəhsil müəssisələrindəki şəxslərə aiddir. Lakin Elmlər Akademiyası və ya universitetlərdə yaradıcı işlə məşğul olan alimlər üçün bu şərait yaradılmayıb. Gənc alimlərin inkişafı üçün motivasiya verəcək addımlar atılmır. Ona görə bir müddətdən sonra artıq qızlar da elm dalınca getməkdən tamamilə imtina edəcəklər", - deyə Məzahir Məmmədli qeyd edib.
Gülşən Şərif