• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bərpaolunmaz zədələnmələr... -Yüksək səslə musiqiyə qulaq asan sürücülərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

29 Mart 2024 | 15:39

Bərpaolunmaz zədələnmələr... -Yüksək səslə musiqiyə qulaq asan sürücülərə XƏBƏRDARLIQ

Yüksək səslə musiqiyə qulaq asmaq bir növ dəb halını alıb. Mahnıya yüksək səs verərək avtomobil idarə edənlərin sayı heç də az deyil.

Bəs görəsən yüksək səsə məruz qalan insanlar gələcəkdə hansısa bir problemlə qarşılaşa bilərlərmi?

Bu barədə Bakıvaxtı.az-a danışan qulaq-burun-boğaz cərrahı, otonevroloq Nigar Muradova qeyd edib ki, insan qulağı müəyyən frekansda olan səsləri qəbul etmək qabiliyyətinə malikdir və əgər insan 0-20 desibel arasında eşidirsə, bu normal eşitmə hesab olunur.

Həkimin sözlərinə görə, yüksək səslə maşında musiqiyə qulaq asan insanlarda eşitmə sinirində ciddi və bərpaolunmaz zədələnmələr ola bilər ki, bunu nəzərə alaraq müəyyən addımları atmaq lazımdır.

N.Muradova bildirib ki, 60 desibelə qədər 60 dəqiqə hər hansı bir musiqiyə qulaq asmaq sağlamlığa zərərsizdir. 60 desibeldən yuxarı isə eşitmə sinirində ciddi zədələnmə ehtimalı var.
“Uzun müddət yüksək səsə məruz qalan eşitmə sinirindəki zədələnmələrdə heç bir dərman müalicəsi effekt vermir. Çünki eşitmə siniri zədələndikdə bərpası mümkün olmur”.

Müsahibimiz həmçinin nəzərə çatdırıb ki, uzunmüddətli deyil, birdən-birə yüksək səsə məruz qaldıqda akustik travma baş verə bilər. Bu zaman eşitmə siniri birdən-birə tamamilə zədələnir. Bu proses də bir çox hallarda müalicəyə tabe olmur.

Nigar Muradova: Eşitmə sinirində bərpaolunmaz zədələnmələr ola bilər

Otonevroloqa görə, yüksək səslə musiqiyə qulaq asmaq insanların sağlamlığına zərər vurmaqla yanaşı, etik cəhətdən də doğru deyil və digər şəxslərin hüquqlarını pozur:

“Biz cəmiyyətdə yaşayırıq və cəmiyyətdə yaşayan fərd olaraq digər fərdlərin hüquqlarını əzməyə ixtiyarımız yoxdur. Yüksək səslə musiqiyə qulaq asmaq digər insanları narahat edir, onların hüquqlarını pozur. Bu da etik tərəfdən doğru deyil”.

Həmsöhbətimiz sonda vurğulayıb ki, qulaq-burun-boğaz sahəsindən uzaq olmuş olsa belə yüksək səslə musiqiyə qulaq asmaq həm eşitmə sinirini ciddi şəkildə zədələyir, həm etik tərəfdən doğru deyil, hətta, psixoloji problemlərin olmasının da xəbər verir:

“Bir çox psixoloqların, psixiatrların araşdırmalarına əsasən demək olar ki, yüksək səslə musiqiyə qulaq asan insanların psixoloji, hətta psixiatrik problemləri olma ehtimalları daha çoxdur”. 

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Aprel 2024