“Ermənistanla 44 günlük müharibə zamanı Azərbaycanın tərəfində iki ölkə vardı: Türkiyə və Pakistan. Ukrayna da analoji problemi olduğu üçün Azərbaycana pis-yaxşı dəstək nümayiş etdirirdi. Belarusda isə yalnız sanki prezident Lukaşenko dəstək verirdi. Belə bir dar çərçivədə Azərbaycan xalqı Ermənistanı məğlub etdi və onu tam məğlubiyyətdən isə Rusiya qorudu”.
Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev bildirib.
Deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində isə bütün dünya Ukraynanın və onun prezidenti Zelenskinin yanındadır və hər kəs onlara dua edir: “Hətta Rusiyanın özündə belə Ukraynanın qələbə qazanmasını istəyənlər var”.
44 günlük müharibə zamanında Azərbaycan Prezidenti İlham Əliyevə bütün dünya və onların ölkə başçıları təzyiq edirdi. Ermənistanın bizə sırıdığı müharibəni dayandırmağı tələb edirdilər. 44 gün ərzində beynəlxalq aləmin xalqımıza və Azərbaycan Prezidentinə yaşatdıqlarını Rusiya Prezidentinin bugünkü düşdüyü vəziyyət ilə müqayisə etmək olar”.
Deputat həqiqət yükünün isə tam fərqli olduğunu bildirib: “Bütün dünya Putinin üstünə gəlir, çünki Ukraynanı və prezident Volodimir Zelenskini haqlı, prezident Putini haqsız hesab edir. Fərq isə budur ki, 30 il Ermənistan işğalının davam etməsinə və 44 günlük müharibədə Azərbaycan xalqı və onun Prezidenti 100 faiz haqlı ola-ola haqsızlığa məruz qalırdı. Ukraynaya verilən dəstəyə görə təbii ki, şadam. Sadəcə, yaşadığımız reallığı müqayisəli şəkildə çatdırmaq istədim. Bu reallıq həm də dünyanın nə qədər ədalətsiz və ikili standartlarla idarə olunmasını göstərir. Beynəlxalq hüquq deyilən şey daha yoxdur. O, sadəcə güclülərin əlində bir silahdır”.
Nuranə Daxilqızı
















