"Sertifikatlaşdırma prosesi başa çatan fənlər üzrə yaranan vakant dərs saatlarının bölüşdürülmə mexanizmi açıqlanıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin təqdim etdiyi statistikaya əsasən, sertifikatlaşdırma prosesi yekunlaşmış ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə 52 min 194 müəllim qənaətbəxş (30-50 bal), 25 min 508 müəllim isə yüksək (51 və yuxarı bal) nəticə göstərib. Həmçinin 9 min 334 müəllim uğursuz nəticə əldə edib, 7 min 947 müəllim isə 60 yaşını tamamladığı üçün prosesdən kənarda qalıb. Bundan başqa, 6 min 493 müəllimin hələ 3 illik fəaliyyət müddəti tamam olmayıb.
Emin Əmrullayev bildirib ki, sertifikatlaşdırma nəticəsində yaranan vakant dərs saatları iki istiqamətdə bölüşdürüləcək. Bu saatlar ilk növbədə hazırda dərs deyən müəllimlər arasında bölüşdürüləcək, qalan hissə isə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi vasitəsilə vakant yerlər kimi təqdim olunacaq.
Zeynəb Rzayeva
Bakı 



