“Azərbaycanda xarici işlər naziri kimi fəaliyyətim dönəmini - 2004 -2020-ci illəri ehtiva edən 4 cildlik maraqlı kitabım işıq üzü görüb”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
O qeyd edib ki, “Elmar Məmmədyarov, müsahibələr, çıxışlar, müzakirələr, məqalələr” adlı kitab Azərbaycanın beynəlxalq siyasəti ilə bağlı elmi iş üzərində çalışan təqdiqatçılar üçün əlverişli bir mənbədir:
“Kitabda müsahibələrimi, çıxışlarımı - hamısını bir araya toplayıb, 4 cildə sığışdırmışam. Hesab etdim ki, belə bir kitaba ehtiyac var. Çünki həyatdı, bu gün varam, sabah yoxam. Həyat Allahın işidir. Tələbələr, aspirantlar, dissertantlar 2004 -2020-ci illərdə Azərbaycanın beynəlxalq mövqeyinin necə olduğunu, nə cür ifadə olunduğunu kitabdan əldə edə bilərlər”.
E.Məmmədyarov sözügedən kitabı kitabxanalara və universitetlərə təqdim edib:
“Bu, hazır mənbədir, nazir kimi çalışdığım dönəmdə ölkəmizin beynəlxalq arenada sərgilədiyi mövqe ilə bağlı internetdən araşdırmağa ehtiyac yoxdur. Hamısı kitabda yer alıb. Hazır mənbədir. BMT-də, ATƏT-də etdiyim çıxışlar, müzakirələr, verdiyim müsahibələr hamısı burada var”.
Müsahibimiz qeyd edib ki, kitabdakı mətnlər müxtəlif dillərdədir:
“O materiallar həmin dövrlərdə hansı dillərdə çıxıbsa, o dillərdə də vermişəm. Mətnlər Azərbaycan, rus, ingilis, alman dillərindədir. Çünki tərcümədə müəyyən fikirlər tam orijinal olmur”.
Aydın Baxış
Bakı 



