Cənubi Koreyada yanvar ayından bəri 610 malyariya yoluxması müəyyən edilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (KDCA) məlumatında bildirilir.
Ötən ilin eyni dövründə ölkədə müşahidə edilən 301 malyariya yoluxmasının, təxminən, iki dəfə artdığı qeyd edilib. 2016-cı ildəki 673 yoluxmadan sonra ilk dəfə 600-dən çox yoluxma sayının görüldüyü bildirilib.
Yoluxmaların artması davam edərsə, ilin sonuna qədər bu rəqəmin 700-ə yüksələ biləcəyi düşünülür.
Malyariya parazit daşıyan ağcaqanadların dişləməsi ilə ötürülür və orta hesabla 7 günlük inkubasiya dövründən sonra baş verir. Daha sonra qızdırma, titrəmə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı və zəiflik kimi qripə bənzər əlamətlərlə özünü göstərir.
Ay Tac
















