• Bakı 12° C

    6.37 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Cenevrə danışıqları: ABŞ-nin sülh planı Ukrayna müharibəsində yeni mərhələ açır

DÜNYA

24 Noyabr 2025 | 16:50

Cenevrə danışıqları: ABŞ-nin sülh planı Ukrayna müharibəsində yeni mərhələ açır

ABŞ-nin Ukrayna müharibəsinə dair irəli sürdüyü 28 maddəlik sülh planı Cenevrədə keçirilən görüşdən sonra beynəlxalq diplomatiyanın əsas mövzusuna çevrilib.

Vaşinqtonun təşəbbüsü ilk baxışdan sülhə doğru addım kimi təqdim olunsa da, əslində, həm ABŞ-nin həm Ukraynanın, həm də Avropanın strateji maraqları və narahatlıqları arasında uzlaşma axtarışının məhsulu kimi görünür. Danışıqlarda ABŞ Dövlət katibi Marko Rubio, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak və Avropanın nüfuzlu siyasi nümayəndələrinin iştirakı bu sənədin artıq təkcə ikitərəfli deyil, geniş koalisiyanın müzakirə predmeti olduğunu göstərir.

Rubionun danışıqları “indiyə qədər ən məhsuldar görüş” kimi qiymətləndirməsi Vaşinqtonun sənədə düzəlişlər etməyə hazır olduğunu göstərir. Onun “heç bir açıq məsələ keçilməz maneə deyil” fikri isə ABŞ-ın müəyyən güzəştlərlə sənədi həm Ukraynanın, həm də Avropanın qəbul edə biləcəyi formaya salmağa çalışdığını göstərir. Bu, ABŞ-ın Ukrayna müharibəsində maksimalist hədəflərdən tədricən geri çəkildiyinə və daha çox “münaqişənin idarə olunan şəkildə dondurulması” modelinə yaxınlaşdığına işarə edir.

Zelenskinin Cenevrə danışıqlarını müsbət qiymətləndirməsi də mühüm detaldır. Ukrayna lideri vurğulayıb ki, ölkəsinin mövqeləri ABŞ tərəfindən nəzərə alınıb. Bu açıqlama Kiyevin əvvəlki sərt mövqeyində müəyyən yumşalmaların baş verdiyini düşündürür. Çünki sənəddə Ukraynadan şərq vilayətlərinin bir qismini Rusiyaya verməsi, NATO üzvlüyündən imtina etməsi və ordunun sayını məhdudlaşdırması tələb olunur ki, bu maddələr həm Ukrayna cəmiyyətində, həm də Avropada ciddi narazılığa səbəb olmuşdu.

Ən sərt mesaj isə Almaniya Kansleri Fridrix Mertsdən gəldi. O, açıq şəkildə bildirdi ki, müharibə yalnız Ukraynanın razılığı ilə deyil, Avropanın razılığı ilə də başa çata bilər. Bu bəyanat Avropa siyasi elitasının ABŞ-nin təkbaşına hazırladığı sülh modelinə şübhə ilə yanaşdığını nümayiş etdirir. Avropa liderləri hesab edir ki, sülh prosesi qitənin təhlükəsizlik arxitekturasına birbaşa təsir etdiyinə görə, onlar prosesdən kənarda qala bilməz. Bununla Avropa ilk dəfə Vaşinqtona açıq mesaj verir: sülh yalnız ABŞ-Ukrayna tandemi ilə deyil, daha geniş transatlantik koordinasiya ilə mümkündür.

Digər mühüm məqam Mertsin “danışıqlar masasının arxasına keçmək Rusiyanın əlindədir” fikridir. Bu, Cenevrə görüşünün mahiyyətini açır: hazırda tərəflər Ukraynanın və Avropanın qəbul edə biləcəyi sənəd üzərində işləyir, lakin prosesin açarı Moskvanın reaksiyasından asılı olacaq. Rusiya sənəddə öz maraqlarının kifayət qədər əksini görməsə, prosesin dondurulması və ya uzadılması yenidən gündəmə gələ bilər.

Ümumilikdə Cenevrə danışıqları göstərir ki, müharibə yeni mərhələyə daxil olur. ABŞ öz strateji xəttinə müəyyən korrektələr edir, Ukrayna daha realist yanaşmanın zəruriliyini qəbul edir, Avropa isə prosesdə daha aktiv rol tələb edir. Bu üç aktor arasındakı tarazlıq 28 maddəlik planın gələcək taleyini müəyyən edəcək. Nəticə olaraq, Cenevrə görüşü müharibənin dərhal bitəcəyini vəd etmir, lakin ilk dəfə olaraq real siyasi şərtlər əsasında genişmiqyaslı diplomatik modelin hazırlanmasına zəmin yaradır.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR