• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Daha çox kişilər intihar edir

CƏMİYYƏT

27 Dekabr 2021 | 17:45 | Müəllif: Qalib İbrahimoğlu

Daha çox kişilər intihar edir

Son iki ildə Azərbaycanda qeydə alınan intihar və özünü öldürməyə cəhd hadisələri üzrə statistika açıqlanıb. Statistika "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı"nda əksini tapıb.

Bakıvaxtı.az xəbər verir ki, sənədə əsasən, 2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd hadisəsi baş verib. 2019-cu ildə özünü öldürənlərin sayı 585 olubsa, keçən il bu rəqəm 597 olub. Maraqlısı odur ki, kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir. Bunun səbəbləri nədir?

İntiharların sayının artıdığını deyən psixoloq, psixoterapevt Elmir Əkbər Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, burada bir çox səbəb var. Onun sözlərinə görə, ümumiyyətlə Beynəlxalq Səhiyyə Təşkilatının göstərişinə əsasən, koronavirus karantini dövründə bütün insanlar antidepressiv müalicə götürməli, psixoterapevt seansları keçməlidirlər. Çünki mövcud şərait insanlar üçün çox ciddi zərbədir: “Bəzi insanlar bunu üzdə hiss etməsə də, şüuraltı olaraq hər kəsə çox təsir edib. Həmçinin, intiharların da artmağında bunun özəl rolu var. Ancaq biz çox gözəl bilirik ki, kişilər, ələlxüsus, Azərbaycan mentalitetinə uyğun olaraq daha qapalı həyat tərzi sürürlər. Xüsusilə, kişi gülməz, kişi ağlamaz, kişi yoldaşını qucaqlamaz, uşağını öpməz kimi bəzi adət-ənənələr var. Bütün bunlara görə onların emosional reaksiyaları daxillərində qapalı qalır. Bunun nəticəsində də özlərini ifadə etməmiş olurlar” deyən psixoloq hesab edir ki, belə olduqda da kişinin emosianal düyünə düşmə ehtimalı daha çox olur.

Dediyinə görə, ən vacib faktor da odur ki, depressiyadan, stresdən, hər hansı digər psixoloji sıxıntılardan əziyyət çəkən qadınlar psixoterapiya seansına çox asanlıqla gəlirlər. Kişilər isə bəzən komplek edir, vaxt tapmır, səhhətlərinə qarşı simiclik edirlər: “Kişilər həyat yoldaşı, ya da uşağı ilə bağlı problem olduqda daha tez həkimə aparırlar, nəinki özləri ilə bağlı olduqda. Nəticə etibarilə buna gəlib çıxırıq ki, kişilər psixoterapiya seansına daha çox müraciət edir. Ona görə də, qadında depressiya və ya digər psixoloji problemlərin üstünə daha tez düşüb aradan qaldırırıq”.

E.Əkbər insanlar ehtiyatlı olmağa çağırıb: “Adəti üzrə intiharın əsas səbəblərindən biri depressiyadır. Onun da əsas əlamətləri nədir?! İnsan əvvəllər zövq aldığı şeylərdən uzaq düşür, həyat sanki rəngsizləşir, həyatın dadı qaçır, nə üçün yaşadığını bilmir, yuxu problemi yaranır. Bəziləri yuxuya gedə bilmir, bəziləri də gecənin bir aləmi ayılır. Bəzən insanlarda panik-atak tutmaları, təşviş, həyacan artır, qidalanma problemi olur. Bəzi insanlar iştahdan kəsilir, bəziləri isə əksinə depessiya zamanı daha çox yeməyə başlayır. Onlarda əhval-ruhiyyə düşkünlüyü müşahidə olunur. Lənglik, huşsuzluq və yaddaş problemi yaranır. Ən dəhşətlisi də odur ki, günlərin bir günü insan, ümumiyyətlə, həyatın mənasını itirir. Bu da intihara geniş bir zəmin yaradır”.

Onun sözlərinə görə, kimsə əgər bu əlamətləri özündə, yaxud doğmalarında hiss edirsə, mütləq şəkildə psixoterapiya seanslarına qatılmalıdılar ki, vaxtında qarşısını alsınlar.

Psixoloq Elnur Rüstəmovun Bakıvaxtı.az-a  dediyinə görə, intiharla bağlı statistikalarda da qeyd olunur ki, intihara cəhd halları qadınlarda daha çoxdur, nəinki kişilərdə: “Ancaq intiharın ölümlə nəticələnməsi halları kişilərdə daha çox olur, nəinki qadınlarda. Bəzən qadınlarda intihara cəhd diqqəti problemə çəkmək yönündə də ola bilir. İntihara cəhd halları qadınlarda hər zaman çox olur. Ancaq kişilərdə isə bu, sırf intihara yönəlir. Burada diqqət çəkmək yox, məhz intihar aktını həyata keçirmək üçün baş verir. Bu təhlillər illərdir aparılır. Hər zaman bu qeyd olunub ki, kişilər intihara cəhd edərkən konkret olaraq intihar etməyi düşünürlər”.

Onun sözlərinə görə, bu gün intihar edənlər arasında yeniyetmə və uşaqların olması narahatedicidir: “Çünki əvvəllər intihar statistikasında da qeyd olunurdu ki, intihar edənlər daha çox tənha, uzun müddət xəstəlikdən əziyyət çəkən, müəyyən psixoloji, zərərli vərdişləri olan insanlardır. Ancaq bu gün görürük ki, sadaladığımız xüsusiyyətlər olmayan insanlar da intihar edir. Hətta onların yaxınları deyir ki, həmin insanların intihar etdiyinə inana bilmirik".

Psixoloq deyir ki, bu gün stress hallarının çox olması, bunun fonunda psixoloji gərginliyin çox olması insanlar arasında intihar hallarına gətirib çıxarır: "Düzdür, statistikada göstərilib ki, intihara cəhdlər olunub və qarşısı alınıb. Ancaq bu, statistikada tam olaraq əhatə olunmur. Düşünürəm ki, intihara cəhd edən insanlar heç də az deyil. Bu insanlara mütləq şəkildə psixoloji dəstək göstərmək lazımdır. Çünki onlar risk qrupuna daxildirlər. Yəni həmin insanların bir müddət sonra təkrar intihara cəhd etmə halları müşahidə oluna bilər. Ona görə həmin risk qrupuna daxil olan insanlara da zamanında psixoloji yardım göstərilməlidir ki, təkrar intihar baş verməsin".

Onun fikrincə, bununla bağlı maarifləndirmə işlərinin aparılması çox yaxşı olardı: "Bəzən ailələrdə belə halları gizlədirlər. Bunu gizlətmək əvəzinə tədbir görsələr, daha yaxşı olar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026