Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsinə texniki nasazlıq səbəb olub.
Bakıvaxtı.az bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat əldə edib.
Belə ki, avtomobillərdən biri nasazlıq səbəbindən yolun orta zolağında dayanıb. Sürücü yalnız qəza dayanma işıqlarını yandırsa da, digər təhlükəsizlik tədbirlərinə əməl etməyib. Nəticədə arxadan gələn nəqliyyat vasitəsi həmin avtomobilə çırpılıb.
Hadisə yerinə cəlb olunan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları və yol polisi evakuatorun köməyi ilə zədələnmiş nəqliyyat vasitələrini ərazidən uzaqlaşdıraraq yolun açılmasını təmin ediblər. Bu tədbir nəticəsində uzun müddət davam edə biləcək nəqliyyat sıxlığının qarşısı alınıb.
Mərkəz sürücülərə müraciət edərək xatırladır ki, hərəkət zamanı avtomobildə texniki nasazlıq yarandıqda “Yol hərəkəti haqqında” qanunun 55-ci maddəsinə əsasən təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edilməlidir. Nasazlıq olduqda nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən kənarlaşdırılmalı, bu mümkün deyilsə, səkiyə və ya yolun çiyninə paralel şəkildə yerləşdirilməli, qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə olunmalıdır. Texniki yardım xidmətinə vaxtında məlumat verilməsi də vacibdir.
Əli Hüseynov