• Bakı 15° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Dərsdən əlavə məktəb tərəfindən ingilis dilində dərnəklər olmalıdır - RƏYLƏR

LAYİHƏ

27 Mart 2025 | 20:10

Dərsdən əlavə məktəb tərəfindən ingilis dilində dərnəklər olmalıdır - RƏYLƏR

6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

“Hazırda hansısa elmi nəticəni dünyaya çatdırmaq üçün elm xadimləri mütləq həmin elmi dili – ingilis dilini bilməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

Bəs ingilis dili niyə bu qədər vacibdir? Təhsildə ingilis dilinə önəm hansı səviyyədədir?


Kamran Əsədov: İngilis dili beynəlxalq  əməkdaşlığa pəncərədir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, müasir dünyada qloballaşma prosesləri sürətləndikcə bilik və informasiya axını daha da intensiv xarakter alır. Bu informasiya mühitində öndə olmaq və rəqabətə davamlı olmaq üçün təkcə texniki biliklər deyil, həm də qlobal kommunikasiya bacarıqları tələb olunur:

“Bu mənada ingilis dili sadəcə bir xarici dil kimi deyil, biliklərə çıxış açarı, elm və texnologiyaya inteqrasiya vasitəsi, beynəlxalq əməkdaşlığa pəncərə rolunu oynayır. Azərbaycanda da bu məsələ getdikcə daha aktual xarakter alır və artıq yalnız xarici dil müəllimləri üçün deyil, bütün sahələrdə fəaliyyət göstərən mütəxəssislər üçün ingilis dili vacib bacarıq hesab olunur”.

Onun sözlərinə görə, ingilis dili bu gün dünyanın elmi dili kimi tanınır. Scopus və Web of Science kimi nüfuzlu beynəlxalq elmi bazalarda dərc olunan məqalələrin təxminən 80-90%-i ingilis dilindədir:

“Deməli, tədqiqat aparmaq, dünyadakı elmi yeniliklərdən xəbərdar olmaq və onları tətbiq etmək istəyən hər bir müəllim, tələbə və ya tədqiqatçı ingilis dilini bilmədən bu proseslərdə passiv qalmağa məhkumdur. Azərbaycan elminin beynəlxalq elmi sistemə inteqrasiyası da məhz bu dildə nəşr olunan məqalələrin sayından və keyfiyyətindən asılıdır”.

“Hazırda Azərbaycanda ali təhsil müəssisələri arasında beynəlxalq indeksli jurnallarda məqalə sayı hələ də istənilən səviyyədə deyil və bu durumun səbəblərindən biri də məhz dil baryeridir.

Təhsildə ingilis dilinin rolu yalnız ali təhsil və elm sahəsi ilə məhdudlaşmır. Məktəb pilləsində də bu dilin əhəmiyyəti getdikcə artır. STEAM, robototexnika, proqramlaşdırma, süni intellekt, təbiət elmləri kimi sahələr üzrə materialların və dərsliklərin əksəriyyəti ilkin olaraq ingilis dilində hazırlanır. Təəssüf ki, bir çox hallarda bu mənbələrin tərcüməsi ya gecikir, ya da orijinal keyfiyyətini əks etdirmir. Bu isə ingilis dili biliklərinə malik olan şagirdlərin əlavə üstünlük qazanmasına səbəb olur. Beynəlxalq olimpiadalarda, layihə müsabiqələrində iştirak edən Azərbaycan məktəblilərinin uğur qazanan hissəsi əsasən ingilis dili biliyi olanlar arasından çıxır. Bu fakt da göstərir ki, ingilis dili artıq təhsil uğurunun vacib determinantlarından biridir”, – deyə ekspert qeyd edib.

K. Əsədov vurğulayıb ki, dünya təcrübəsinə nəzər saldıqda, ingilis dilinin təhsil siyasətində mərkəzi yer tutduğunu görürük:

“Məsələn, Finlandiyada məktəblilər 1-ci sinifdən başlayaraq ikinci dil kimi ingilis dilini öyrənirlər və bu proses interaktiv metodlarla, texnologiya və layihəəsaslı tədris üsulları ilə müşayiət olunur. Sinqapur, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə ingilis dili təhsilin əsas komponentinə çevrilib və bu ölkələrin yüksək texnoloji inkişafı ilə dil siyasəti arasında birbaşa əlaqə var. Hətta Fransa və Almaniya kimi milli dillərinə bağlı ölkələr belə, son onilliklərdə təhsil sistemlərində ingilis dilinə daha çox yer ayırmağa başlayıblar.

Azərbaycanda isə bu istiqamətdə son illər müəyyən addımlar atılsa da, problemlər hələ də qalmaqdadır. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul və buraxılış imtahanlarında ingilis dili üzrə nəticələr digər fənlərlə müqayisədə daha aşağı səviyyədədir. Statistikaya görə, 2023-cü ildə buraxılış imtahanında ingilis dili üzrə orta nəticə 22 bal ətrafında olub ki, bu da maksimum 50 baldan cəmi 44% deməkdir. Bu isə göstərir ki, ingilis dili məktəblərdə tədris olunsa da, effektiv şəkildə öyrədilmir. Bunun səbəbləri sırasında müəllim çatışmazlığı, tədris metodlarının köhnəlməsi, şagird motivasiyasının azlığı və müasir resursların olmaması əsas yer tutur”.

“İngilis dili həmçinin əmək bazarında gənclərə geniş imkanlar açır. Hazırda ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlərin və startapların iş elanı verdiyi zaman ilk tələblərindən biri ingilis dilini bilmə bacarığıdır. Freelancer olaraq qlobal platformalarda işləmək istəyən şəxslər üçün də bu dil əsas vasitədir. Təhsil, biznes, turizm, informasiya texnologiyaları, səhiyyə kimi sahələrdə ingilis dili artıq lüks yox, zərurətə çevrilib. Yəni təhsildə ingilis dilini bilməyən gənc sadəcə təhsildən deyil, gələcəyin peşələrindən, iqtisadi imkanlardan, texnologiyalardan da kənarda qalır”.
 


Elmin Nuri: İngilis dilinin təkmilləşdirilməsi üçün bir neçə istiqamətdə işlər aparılmalıdır

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri də öz fikirlərini Bakıvaxtı.az ilə bölüşüb:

“Doktorantura pilləsi üzrə tədris ingilis dilində aparılır. Qəbul imtahanında da, həmçinin, ingilis dili xüsusi əhəmiyyət daşıyır. ingilis dili səviyyəsi üzrə həm esse-foto, həm də şifahi nitq qabiliyyəti yoxlanılır. Doktorantura elmi pillənin astanası hesab olunduğu üçün ingilis dilinin vacibliyi çox önəmlidir. Elmi işlər, elmi tədqiqatlar, müəyyən xarici mənbələrə çıxış, xarici həmkarlarla əlaqə yaratmaq üçün ingilis dili vacibdir”.

Ekspertin sözlərinə görə, ingilis dilinin təhsildə təkmilləşdirilməsi üçün bir neçə istiqamətdə işlər aparılmalıdır:

“Dövlət İmtahan Mərkəzi bunu qəbul imtahanı kontekstində aparmalı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi isə bunu tədrisin təşkili istiqamətində həyata keçirməlidir. Hazırda hər iki istiqamətdə də müəyyən işlər görülür. Təkcə ingilis dili deyil, demək olar ki, arzuolunan bütün dillər üzrə təkmilləşmə aparılır. DİM-in qərarına əsasən bu ildən etibarən 9-cu siniflərin buraxılış imtahanlarına ingilis dilindən foto-esse tipli suallar əlavə edilib və bu kimi yeniliklər artmağa davam edəcək”.

“İngilis dilinin məzmun xətləri dünya təhsili ilə baş-başadır. Həm təhsildə, həm gələcək işlərimizdə ingilis dilinin bizə çox böyük rolu var. Elə uşaqlar var ki, dərs müddətində anlayıb-qavraması çətin olur. Buna görə də, dərsdən əlavə ingilis dilində məktəb tərəfindən tədbirlərin, dərnəklərin olması çox vacibdir”, – deyə E. Nuri qeyd edib.

Nuriyyə Musayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

30 Mart 2025