Tədqiqatlar göstərir ki, 6 yaşa qədər uşaqların təxminən 40–60 faizində fizioloji düzayaqlılıq müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevt-reabilitoloqu Aytən Musayeva deyib.
Onun sözlərinə görə, bu göstərici yaş artdıqca azalır və 10 yaşa çatdıqda uşaqların əksəriyyətində ayaq tağları tam formalaşır.
Mütəxəssis qeyd edib ki, artıq çəkidən əziyyət çəkən uşaqlarda düzayaqlılıq daha uzunmüddətli ola bilər. Bu hal ayaqlara düşən təzyiqin artması ilə əlaqələndirilir.
Aytən Musayeva vurğulayıb ki, aktiv həyat tərzi keçirən uşaqlarda düzayaqlılığın öz-özünə düzəlmə ehtimalı daha yüksəkdir.
“Düzdabanlığın səbəbləri müxtəlif ola bilər. Ən çox rast gəlinən forması fizioloji düz ayaqlılıqdır. Digər səbəblərə genetik meyillilik, əzələ zəifliyi, bağların elastikliyi, sürətli boy artımı, artıq çəki, travmalar və yanlış ayaqqabı seçimi daxildir. Düz ayaqlılıq bəzi hallarda sinir və əzələ sistemi problemlərinə bağlı olaraq da inkişaf edə bilər”, – deyə o bildirib.
Mina Mikayılova