Bakıda piyada ölümlərinin ölümlə nəticələnən yol nəqliyyat hadisələrinə görə faiz nisbəti son illərdə artmaqda davam edir.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, son 11 ayın statistikasına görə paytaxt ərazində baş verən 458 hadisədə 191 nəfər ölüb, 365 nəfər isə xəsarət alıb. Ümumi hadisələrin 268-i isə piyada vurma olub. Nəticədə onlardan da 122 nəfəri ölüb, 152 nəfəri isə xəsarət alıb.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov Bakıvaxtı.az-a bildirib ki, yol hərəkətinin təhlükəsizliyi məsələsi sistem təminatçılarının məsuliyyət yüküdür.
O qeyd edib ki, paytaxtda son 11 ayın yol-nəqliyyat hadisələri statistikasını piyada təhlükəsizliyi baxımından “qanlı rekord” adlandırmaq olar: “Bunların səbəblərini sadəcə piyada və sürücülərin məsuliyyətsiz davranışında, qaydalara biganə münasibətində axtarmaq ciddi səhvdir”.
Ekspert vurğulayıb ki, piyada vurulmasının səbəbləri sırasında yollarda təhlükəsizliyi təmin etməyə yönələn işlərə müvafiq qurumlar tərəfindən məsuliyyətsiz yanaşma ön sıralardadır: “Belə ki, Azərbaycanda yol istifadəçilərinin, xüsusən də piyadaların şəhər və küçə yollarında axşam və gecə saatlarında təhlükəsiz hərəkətinə ışıqlandırılmanın olmaması böyük ölçüdə təhdid yaradır. Digər səbəb şəhər yollarında piyada keçidlərinin kifayət qədər olmaması, həmçinin avtomobillərin faktiki sürətinin yüksək olması, bunun qarşısını almaq üçün heç bir mühəndis-texniki tədbir görülməməsi ilə bağlıdır.
Azərbaycanda yol istifadəçilərinin, xüsusən də piyadaların təhlükəsizliyi ilə bağlı əsas problemlərdən biri də piyada səkilərinin avtomobillər tərəfindən tutulmasıdır. Belə ki, parkinq ərazilərinin olmaması sürücülərin avtomobilləri piyada səkilərində park etməsinə gətirib çıxarır ki, nəticədə piyadaların öz həyatlarını təhlükə altına ataraq yolun hərəkət zolağından istifadə etməsindən başqa çıxış yolu qalmır.
Xüsusən çoxzolaqlı yollarda xeyli piyda keçidinin siqnallaşdırılmasında (svetoforların qoyulması, normal nişanların və nişanlanma xətlərinin tətbiqi) çatışmazlıqlar var.
Sadalanan qüsurlar piyada və sürücülərin intizamsızlığı ilə üst-üstə düşəndə faciə qaçılmaz olur. Ona görə də işləmək və dəyişmək lazımdır. Çox gecikirik. Artıq 3 ili tamam olan yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramının real praktiki təsirini hələ də görmürük”.
Ramid İbrahimov
















