Xəbər verdiyimiz kimi, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində ordumuzun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Ardından Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatında qanunsuz erməni silahlı dəstələri itkilər verib.
Deputat Vüqar İsgəndərov məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsindən sonra bölgədə yeni siyasi arxitektura formalaşdırılır: “Təbii ki, əsas diqtə edən tərəf də Azərbaycandır. Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən dünyanın güclü ölkələrindən birinə çevrilib və biz bunu bütün sahələrdə göstərməkdəyik”.
Onun sözlərinə görə, yeni yaranmış siyasi, iqtisadi mənzərədə Azərbaycanın istəyi və tələbi bölgəyə sülhün gəlməsidir: “O sülhün ki, dayanıqlı və daimi olsun, artıq bölgədı müharibə olmasın. Onun üçün də Azərbaycan öz üzərinə düşən bütün vəzifələrin icrasını təmin edir. Ermənistan isə, həmişə olduğu kimi, sözü ilə əməli arasında böyük fərq olan, hələ dövlət kimi formalaşmayan bir toplumdan ibarət olduğunu bir daha sübut edir, hələ də 10 noyabr sazişinə əməl etməkdən boyun qaçırır”.
Deputat qeyd edib ki, bu gün də Azərbyacan ərazisində erməni töküntüləri qalıb: “Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının arxasına gizlənərək təxribatlar törədir, atəşkəsi pozur, sərhəddə dezinformasiya yayır. Azərbaycan prezidenti dəfələrlə söyləyib ki, Azərbaycanın səbrinin həddi var və bu qədər səbr edən deyilik. Ermənistan düşünməli və rasional addımlar atmalıdır. Dünən baş verən təxribatda əsgərimizin şəhid olması, təbii ki, hər birimizi üzdü və hiddətləndirdi. Təbii ki, Azərbaycan silahlı qüvvəlləri artıq erməni dığalarının başını əzmək üçün “Qisas” əməliyyatı keçirdi və yüksəklik ələ keçirildi, ermənilərin həm canlı qüvvələri, həm də texnikası məhv edildi. Bu, bir daha göstərdi ki, Azərbaycan artıq bütün bu məsələlərə səbr edən deyil. Biz danışıqlar masasına oturmuşuq və dəfələrlə Rusiya da, Ermənistanın baş naziri də bu görüşlərdə iştirak edib, öhtəlikləri öz üzərinə götürüb. Təəssüf ki, hələ də həmin öhtəliklərin həyata keçirilməsi bu və digər formada ləngidilir”.
V.İsgəndərov vurğulayıb ki, Azərbaycan artıq konkret əməli fəaliyyətə keçib: “Yəni, biz danışıqlar masasına oturnağa hazırıq, hansı bəyanatlara imza atmışıqsa ona sadiqik. Azərbaycan dünyada sözü və əməli bir olan ölkə kimi müsbət imic qazanıb. Lakin ermənilər üçtərəfli bəyanatın müddəalarından irəli gələn məsələləri həll etməsələr, bəyanatın prinsiplərindən çıxsalar, konkret vacib olan addımları atmasalar, onlar və orada olan təxribatçıların hər birinin başı Azərbaycan ordusu tərəfindən əziləcək. Arzulayardıq ki, bunlar baş verməsin, bölgəyə dayanıqlı sülh gəlsin. Əks halda Ermənistan bu məsələni çox dərindən düşünməli və konkret əməli addımlar atmalıdır”.
Aytac Aslan
















