Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb. Liderlərin sülh sazişinin imzalanması ilə bağlı açıq qalan məsələləri müzakirə edəcəyi deyilir.
Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a deyib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını uğurlu saymaq olar.
Onun sözlərinə görə, xüsusən baş verən son hadisələrdən sonra Ermənistan XİN də bəyan etdi ki, istənilən yerdə sülh müqaviləsini imzalamağa hazırdırlar:
"Baş nazir Nikol Paşinyanın Türkiyəyə səfəri çərçivəsində də məlumata görə, həm Türkiyə, həm də Azərbaycan ilə münasibətlərin nizama salınması, Zəngəzur yolu barədə müəyyən anlaşlamar olub. Əsasən Rusiyanın təhriki ilə sülhü pozmağa yönəlmiş siyasi təsirlərə uymuş erməni kilsəsinin dəf edilməsi üçün də Paşinyan səylər göstərir”.
Müsahibimiz hesab edir ki, sülh prosesinin tamamlanması Ermənistan daxilindəki pozuculuğa xidmət edən qrupları da dəf edə bilər:
“Çünki münasibətlərin nizamlanması, əlaqələrin qaydaya düşməsi Ermənistan üçün də daxili sabitlik üçün qarantiyadır. Ermənistan hazırda sülhə tələsməlidir. Ona görə bu görüşdə açıq qalan mövzuların da müzakirə olunub razılıq əldə edilməsi gözlənilir".
Tural İrfan: Liderlərin bugünkü görüşü bir çox məsələlərə aydınlıq gətirəcək
Həmsöhbətimiz qeyd edib ki, Rusiyanın hər iki ölkədə müxtəlif yollarla təziq göstərməsi fonunda sülh sürətlənərsə bu təziqlər öz təsirini itirəcək:
"Ona görə Paşinyanın sülhdən başqa çarəsi yoxdur. Zəngəzur dəhlizi məsələsində də Rusiyanın iştirakı olmadan belə bu məsələnin həlli yenə Ermənistandan asılıdır. Əgər İran və Rusiya müdaxiləsini dəf edə bilərsə Zəngəzur məsələsi də müsbət yöndə həllini tapar. Hər bir halda hər iki ölkə liderinin bu görüşü bir çox məsələlərə aydınlıq gətirəcək və sülh prosesini yekunlaşmağa doğru surətləndirəcək".
Aydən Baxış