Ermənistan məhsullarının Rusiyaya ixracına qoyulan məhdudiyyətlər ölkənin 250 000 sakini üçün ciddi risklər yarada bilər.
Bakıvaxtı.az "Sputik Ermənistan"a istinadən xəbər verir ki, bunu parlamentdəki "Güclü Ermənistan" fraksiyasının deputatı Hayk Farmanyan bildirib.
Deputat bu qiymətləndirmədə fermerlərin, kənd təsərrüfatı və əlaqədar sahələrdə çalışan digər şəxslərin, həmçinin onların ailə vəziyyətlərini nəzərə aldığını bildirib:
"Hazırda kimin nə qədər zərər çəkəcəyini dəqiq hesablamaq qeyri-mümkündür, lakin bir neçə aydan sonra bunun fəsadlarını görəcəksiniz".
Xatırladaq ki, may ayından etibarən "Rosselxoznadzor" Ermənistandan məhsul tədarükünə mərhələli şəkildə məhdudiyyətlər tətbiq edir. Məhduiyyət öncə balıq məhsullarına, daha sonra tərəvəz, göyərti və çiyələyə şamil olunub. İyunun 2-dən isə məhdudiyyətlər çəyirdəkli meyvələrə və üzümə, iyunun 12-dən konservləşdirilmiş məhsullar istisna olmaqla, bütün bitki mənşəli Ermənistan məhsullarına şamil edilib. "Rosselxoznadzor" bu məhdudiyyətləri aşkar edilmiş pozuntular və fitosanitar təhlükəsizliyin təmin edilməsi ilə əlaqələndirib.
Qeyd edək ki, Rusiya Ermənistan kənd təsərrüfatı məhsullarının əsas satış bazarı olaraq qalır və bu pay 90%-dən çox təşkil edir.
Bakı 



