• Bakı C

    15.95 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Əsnəməyin bilmədiyimiz təhlükəli CƏHƏTLƏRİ

CƏMİYYƏT

15 Aprel 2025 | 10:54

Əsnəməyin bilmədiyimiz təhlükəli CƏHƏTLƏRİ

ABŞ Yuxu Təbabəti Akademiyası tərəfindən yayımlanan yeni hesabatda tez-tez əsnəmək, gündüz saatlarında diqqətsizlik və artan kofein tələbatı kimi əlamətlərin ciddi yuxu çatışmazlığının göstəricisi ola biləcəyi vurğulanır.

Bakıvaxtı.az xəbər verir ki, yeddi saatdan az yuxu sağlamlıq üçün risklidir.

ABŞ Yuxu Təbabəti Akademiyasının prezidenti, Mayo Klinikasının yuxu mütəxəssisi Dr. Erik Olson bildirib ki, yuxusuzluq cəmiyyətin bütün sahələrində öz mənfi təsirini göstərən ciddi bir sağlamlıq problemidir. Onun sözlərinə görə, yuxu çatışmazlığı avtomobil qəzası, iş yerlərində səhvlər və xroniki xəstəliklər riskini artırır.

Mütəxəssislər keyfiyyətli və fasiləsiz gecə yuxusunun müddətinin ən azı 7-8 saat olmalı olduğunu bildirirlər. Bu müddətdən az yatmaq, şəkərli diabet, depressiya, ürək və böyrək xəstəlikləri, yüksək təzyiq, piylənmə və insult kimi problemləri yarada bilər.

ABŞ-da yetkin insanların üçdə biri artıq dərəcədə yuxululuqdan əziyyət çəkir. Dr. Olson bu problemin vaxtında diaqnoz və müalicə ilə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Northwestern Universitetinin yuxu elmləri üzrə mütəxəssisi Dr. Kristen Knutson isə bildirib: “Normal yatan bir insan, nə qədər darıxdırıcı olsa da, bir iclasda yuxulamaz. Əgər belə hallar yaşanırsa, mütləq bir mütəxəssisə müraciət olunmalıdır”.

Yuxu mütəxəssisi Dr. İndira Gurubhagavatula qeyd edib ki, yuxusuzluq insanın öz bilişsel vəziyyətini düzgün qiymətləndirməsinə mane olur. “Yuxusuzluq artdıqca, beyin bir neçə saniyəlik mikro-yuxulara keçir. Bu zaman insan avtomobil idarə edə və ya diqqət tələb edən başqa işlə məşğul ola bilər. Bu isə son dərəcə təhlükəlidir”, – deyə o bildirib.

Məlumata görə, ABŞ-da hər il təxminən 100 min yol-nəqliyyat hadisəsi yuxulu halda sükan arxasında oturan sürücülər səbəbindən baş verir.

Yuxululuq vəziyyətini müəyyənləşdirmək üçün “Epworth Yuxululuq Ölçeği” kimi testlər tətbiq olunur. Bu testdə iştirakçılar gündüz yuxululuq hallarını 0-dan 3-ə qədər qiymətləndirir. 10 baldan yüksək nəticələr müdaxilə tələb edən vəziyyəti göstərir.

Mütəxəssislərin sözlərinə görə, ciddi yuxu çatışmazlığı göz qapaqlarının düşməsi, bədənin önə əyilməsi, başgicəllənmə, əsmə və impulsiv davranışlar kimi fiziki əlamətlərlə müşahidə oluna bilər. Yuxu apnesi, narahat ayaq sindromu, bioloji saat pozuntuları və bəzi dərmanlar da yuxululuğa səbəb ola bilər.

Uzmanlar bildirirlər ki, yuxuya kömək etdiyi düşünülən bəzi maddələr – o cümlədən alkoqol – əslində yuxu keyfiyyətini pozur. Dr. Gurubhagavatula qeyd edib: “Alkoqol ilk mərhələdə yuxuya keçidi asanlaşdıra bilər, amma gecəyarısı oyanmağa səbəb olur. Tək bir badədən imtina edən xəstələrimin belə yuxu keyfiyyətində ciddi yaxşılaşma müşahidə etmişəm.”

Eyni zamanda, həddindən artıq kofein qəbulu, gec saatlarda ekran qarşısında qalmaq, fiziki aktivliyin az olması, çox səs-küylü və ya işıqlı mühitdə yatmaq da yuxu rejimini mənfi təsirə məruz qoyan amillər sırasındadır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

15 Aprel 2025