Gəray Göyyurdun “Əsrə bərabər 33 il!” kitabının təqdimatı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, 33 yaşında dünyasını dəyişən hüquqşünas Ramin Vəlizadənin xatirəsinə ithaf olunan kitabın təqdimat mərasimində onu sevənlər - yaxınları, dostları və ailə üzvləri iştirak edib.
Çıxış edən kitabın müəllifi Gəray Göyyurd bildirib ki, Raminin atası Ramiz bəy bu kitabı ona yazmağı həvalə edəndə tərəddüd edib. Gənc ömrün yarımçıq qalan manifestini yazmağın çox ağır olduğunu deyən müəllifin sözlərinə görə, o ağrını cümlə-cümlə, söz-söz yaşayıb.
“Kitabı gecə saat 01:41-də Gədəbəydə yazmağa başlayanda Raminin ruhunu yanımda hiss elədim. Onun ruhu kitabı yazmaqda mənə kömək etdi”.
Raminlə sağlığında ünsiyyətləri olmadığını deyən müəllif, mərhumun vətənə, millətə, dövlətə olan sevgisi sayəsində ruhu ilə qovuşduğunu vurğulayıb:
“Bu sevginin işığı, gücü ilə kitabı yazmağa başladıq. Ramin Vəlizadə bu kitabı mənimlə yazdı. Hər cümlədə, hər sözdə çalışdım ki, onun ruhu qarşısında hesabat verim. Elə sözlər seçim ki, onun şəxsiyyətini, böyüklüyünü, vətənə sevgisini isbat edim. Ramin Vəlizadə Azərbaycanın ən yaxşı vətəndaşı olmaq zirvəsinə 33 yaşında çatdı”,- Gəray Göyyurd söyləyib.
Kitabın redaktoru, AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy Ramin Vəlizadə ilə şəxsən ünsiyyətdə olmasa da, onun bacısı Nərmin ilə birgə çalışdıqlarını və Nərminin əxlaqi keyfiyyətləri sayəsində Raminin mənəvi əxlaq dünyasını, tərbiyəsini, ismətini təsəvvür edə bildiyini qeyd edib.
S.Rzasoy kitabla tanışlığından sonra mərhumun 33 illik ömründə 133 ilin işini gördüyünü söyləyib:
“Bu gün biz təqdimat məclisinə yığışmışıq. Amma Raminin ölümü nə üçünsə, kədər yaratmadı. Əksinə bir həyat eşqi, yaşamaq həvəsi yaratdı. Bu Raminin bədəninə sığmayan ruhu idi. Onun ruhu bu gün buradadır”.
Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov Ramin Vəlizadənin atası ilə dayıoğlu-bibioğlu olduqlarını və onlarda toy, yas, ad günü məclislərinin çoxluğu səbəbi ilə Raminlə tez-tez rastlaşdıqlarını söyləyib. Vurğulayıb ki, Ramin qohum, dost, vətən üçün bir nömrəli insan idi.
“İnsan dünyaya gələrkən Allah ona bir missiya verir” deyən R.Mahmudov bildirib ki, R.Vəlizadə 33 yaşında bütün missiyaların hamısını yerinə yetirib:
“Mən “Əsrə bərabər 33 il!” kitabını universitetdə kabinetimə apardım. Oxuyanlar hamısı ağladı. Dedim ağlamayın. O, missiyasını bitirib gedib. Anaya,ataya,qohuma - hər kəsə hörmət etdi, hörmətlə də getdi. Amma onu da deyim ki, Azərbaycan xalqına böyük itki üz verdi. Mənim çox sevdiyim, gələcəyinə inandığım biri bu dünyadan getdi. Amma inanıram və bilirəm ki, Raminin yerini tuta biləcək oğlanlar var”,- deyə Rəşid Mahmudov fikrini tamamlayıb.
Digər çıxış edənlər də təqdim olunan kitabın möhtəşəm qələmə alındığını bildirərək, Ramin Vəlizadə ilə olan xatirələrini bölüşüblər.
Gecəyə xanəndə Kamilə Nəbiyeva ifa etdiyi muğamlarla yekun vurub.
Mina Mikayılova
FOTOLAR - Fatimə Əşrəfli