Fransada müşahidə olunan güclü isti hava dalğası ölüm hallarının artmasına səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, Fransanın Səhiyyə Agentliyinin (Santé publique France) açıqladığı ilkin məlumata görə, iyunun 24-dən etibarən ölkədə gözlənilən göstəricidən təxminən 1000 nəfər çox ölüm qeydə alınıb. Məlumata əsasən, iyunun 24-də ölkə üzrə 1 200-dən çox, iyunun 25 və 26-da isə hər gün 1 400-dən çox ölüm qeydə alınıb. Halbuki aprel və may aylarında Fransada gündəlik ölüm sayı adətən 900-1000 nəfər arasında dəyişib.
Səhiyyə qurumu bildirir ki, əlavə ölüm hallarının 85 faizi 65 yaş və daha yuxarı yaşlı insanların payına düşür. Eyni zamanda, evdə baş verən ölümlərin sayında da ciddi artım müşahidə olunub. İlkin hesablamalara görə, evdə ölüm halları əvvəlki dövrlə müqayisədə təxminən 40 faiz artıb.
Ölüm hallarındakı artım xüsusilə İl-de-Frans, Yeni Akvitaniya, Bretan, Mərkəz-Val de Luar, Normandiya və Luar bölgələrində qeydə alınıb.
Santé publique France vurğulayır ki, bu rəqəmlər hələlik ilkin qiymətləndirmədir. Hazırda istifadə olunan elektron qeydiyyat sistemi ölkədə baş verən ölümlərin təxminən 60 faizini əhatə etdiyindən, yekun statistika açıqlanarkən ölüm sayının dəyişə biləcəyi istisna olunmur.
Aydın
Bakı 



