• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gənc yazıçı Fəridə: “Avtobusda bir kişini çətirlə döymüşəm” – Müsahibə

MƏDƏNİYYƏT

18 Noyabr 2021 | 10:26

Gənc yazıçı Fəridə: “Avtobusda bir kişini çətirlə döymüşəm” – Müsahibə

Bakivaxti.az-ın “Pandora” layihəsində oxucularımız gənc yazıçıların, şairlərin yaradıcılıq, ədəbiyyat, poeziya, sənət haqda düşüncələri ilə tanış olacaq. Layihənin budəfəki qonağı xanım yazar Fəridədir. 

- Gül kimi həkim olub, koronanın da çarəsini tapmışdın bəlkə, niyə yazıçı olmaq istəyirsən?

- Nə bilim, mənə fiziki ağrılardan çox mənəvi ağrılar maraqlı gəlir. Həm də yazıçı olmaq mənim həkimlikdən öncəki arzum idi. Sonra fikrim dəyişmişdi. Amma böyüdükcə hiss edirəm ki, məndən həkim ola bilməz. Bəlkə yazıçı da ola bilməz, amma bunu anlamaq üçün kifayət qədər böyüməmişəm hələ.(gülür)

- Böyümək üçün zaman keçməlidi yaxud başqa səbəblər?

- Belə ciddi suallarla başladın, düşünən şair moduna keçim gərək. (gülür) Zamanla fikirlər dəyişir, hərdəmxəyal biriyəm, amma içimdə nə hiss edirəmsə, mənimçün Tanrı da odur, qanun da, prinsip də. Yəni, bir şeyi anlamaq üçün təkcə yaşamaq yox, həm də hiss etmək lazımdır. Məsələn, hələ hiss edirəm ki, mən yaxşı yazıçı ola bilərəm. O potensialı özümdə görürəm, di gəl ki, heç nəyi ciddiyə almadığım kimi ədəbiyyata da kefimə düşəndən-düşənə münasibət göstərirəm.(gülür)

- Elə bundan görünür ki, üç dəfə təxəllüs dəyişmisən: Məmmədova, Zero, Uğur. Niyə tez-tez təxəllüs dəyişirsən? 

- Mən lap birinci şeirlərimi yayımlayanda soyadımla yayımladım. Çünki, özümü təqdim edirdim və mən Fəridə Məmmədova idim. Sonra dostlar məsləhət gördülər ki, yaxşı olar, bir təxəllüs seçəsən. Uğur və Zero təxəllüslərinin heç birinin məni ifadə etmədiyi qənaətinə gəldim və sadəcə adımdan ibarət olduğumu anladım.

- Romanın “Pinqvinlər uçur, Mari” səncə niyə qiymətini almadı?

- Heç kim irəli çıxıb fikir bildirmədi - nə yaxşı, nə pis. Bizdə ədəbi mühit belədir də, bir şey haqda fikir bildirmək üçün sanki kimisə gözləyirlər. İlk daşı kimsə atmalıdır. Öz fikrini deməyə, birinci olmağa çəkinirlər sanki. Mən tənqidlərə açıq insan olduğumu düşünürəm. O romanı Ankaraya bir nəşriyyata göndərdim, elə gözəl rəy, analiz yazmışdılar mənə roman haqda. Həm analiz, həm tənqid, həm təbrik. İmkan olan kimi orda nəşrini təşkil edəcəm, təbii ki, yenidən işlənmiş halda. Susdular hə. Amma, məncə, o qədər bərbad deyildi. (gülür)

- Bəs Ankaradakı nəşriyyat niyə nəşr etmədi?

- Orda nəşr etmək üçün uyğun olduğunu yazdılar və mənə paketlər göndərdilər. Yəni pulludur orda nəşr pulunu sən ödəyirsən. 500 tiraj üçün, 1000 türk lirəsi - paket belə idi. Sadəcə, həmin vaxt həyatımın kritik dönəmləri idi, ana olmağa hazırlaşırdım, tək idim, maddi, mənəvi problemlərin arasında itib qalmışdım. Ona görə alınmadı. 

- Azərbaycan ədəbiyyatında qadın imza çox azdır. Ümumiyyətlə, ədəbiyyatda qadın-kişi bölgüsünə necə baxırsan?

- Ədəbiyatda qadın-kişi bölgüsü edən “kruq ədəbiyyatı” ilə məşğul olan kişilərdir. Qardaş, önündə mətn var, oxu, mətn haqda danış, bacarırsansa təbii... Sənə nə qadın yazdı bunu ya kişi? Vicdanın, savadın, duyumun, mütaliən imkan verirsə Azərbaycan ədəbiyatında kifayət qədər qadın imza var, hətta çoxdur.

- Bəlkə kişilərin üstünlüyünə görə bu bölgü yaranıb? Çünki kişi yazarlar daha çox tanınır, sevilir...

- “Kruq ədəbiyatı” budur elə. Biri mənasız bir mətn yazır, yetmiş nəfər onu bəh-bəhlə paylaşır, sonra o paylaşana xatir ordan da kimlərsə paylaşır. Zəncir yaranır. Sevilmək isə mübahisəlidir. Azərbaycanlı oxucu hələm-hələm yazıçı sevməz. Murakami, Kundera ola bilsən bəlkə. Heç olmuya, Koelyo qədər olmalısan. 

- Yaxşı, əsəbləşmə, mövzunu dəyişək, yaradıcılığın haqda danışaq, yeni nə yazırsan?

- Yeni hekayələr kitabı hazırlayıram. Sırf qadınlardan bəhs edən hekayələrdir. Səkkiz hekayə idi. İndi düşünürəm ki, on bir dənə olsun. İnanmazsan bəlkə, yarımçıq iki romanım var, bundan əlavə üçüncü romanın da ideyası var. Həvəs tapa bilsəm, onları da bitirmək istəyirəm.

- Nə gözəl, bəs deyirdin, qadın məişət hadisəsidi, indi necə vaxt tapıb yaza bilirsən? 

- Allah bilir nəyə əsəbləşib demişəm onu da.(gülür) Vaxt tapa bilirəm? Son hekayəni bir il əvvəl yazmışdım, düz bir il sonra yeni hekayə yazdım. Vaxt tapa bilməkdir bu?

- Qadın yazarlardan kimləri ciddi imza hesab edirsən?

- Sara İbrahim deyəcəm, deyəcəksiniz rəfiqəsidir deyə onun adını çəkir. Amma son dövrlərdə roman və hekayələri ilə ədəbiyyata gəlib marağımı onun qədər çəkən başqa imza yoxdur. Kişilərdən də yoxdur, məsələ budur. Şamxal (Şamxal Həsənov. red. O.A) bəyin romanı haqda məsələn, çox təriflər eşidirdim, amma mənə maraqlı gəlmədi. Ümumiyyətlə, mən ədəbiyyatın savad tərəfi qədər "iç"i ilə də maraqlanıram. Enerjisi, ruhu ya nə deyirlər buna bilmirəm, oxuyarkən sənə toxunması. Yəni, sırf intellekt, IQ məsələsi deyil.

- Ədəbiyyat olmasaydı hansı peşə sahibi olardın?

- Özümü ədəbiyatçı kimi hiss etmirəm. Amma məndən yaxşı müəllim olardı. Kimya və ya riyaziyyat müəllimi.

- Qazax üçün darıxmırsan?

- Allah haqqı yox.

- Qazax müqəddəs yerdi axı, şairlər, aşiqlər məkanı... Sazı, şirin ləhcəsi, qurudu. Buddizim deyir, harda doğulmusansa ordadı xoşbəxtliyin...

- Bakını çox sevirəm. Bakı mənim özümü tapdığım, həm də itirdiyim yerdir. Burda doğulmasam da, bu şəhəri nə qədər sevdiyimi izah edə bilmərəm. Mənimçün maşın səsləri, dəniz, metro, küçələr, əsəbi sifətli, tanımadığım insanlar daha doğma gəlir. Mən buddist deyiləm, dedikləri mənimçün keçərli deyil. Qazaxda doğulub böyüyən 17 yaşlı Fəridənin hazırki mənlə heç bir bağı qalmayıb. Mən həyatı burda dərk etmişəm. Kaşki Londonda, Parisdə dərk etsəydim amma neynəyək, olanı budur. Sazı da heç sevmirəm.

- Səncə, Qazaxın ən böyük şairi kimdir?

- Vaqif Səmədoğlu 

- Fəridə, bir qızın var. Onu hansı istiqamətə yönəltmək istəyirsən?

- Qızıma istiqamət seçmək üçün cox tezdir hələ. Bir gün mikrafon götürüb müğənni olur, bir gün eynək, fonendoskop geyir deyir həkiməm, polis maşını görən kimi sevincək qışqırır ki, polis maşını al mənə, polis olacam. Hələ önündə uzun bir yol var. Mən sadəcə yanında olmaq istərdim. İstiqaməti özü seçsin, özü getsin, mən onun heç nəyinə qarışmayacam. Sadəcə yanında olum ki, heç vaxt tək olduğunu hiss etməsin, dost kimi, ana kimi, ata kimi, yoldaş kimi. Nə vaxt, necə ehtiyac hiss etsə, o cür. Yolu özü tapacaq. 

İstəyərdin yazıçı, şair olsun?

- Bu mənim istəməyimlə deyil axı. O özü istəsə, olacaq. Mənim yazıçı olmağımı istəmirdilər, bəlkə hələ də istəmirlər, məni ailəm həmişə həkim kimi görməyi arzulayıb. Amma bu ailənin, valideynin istəyiylə olmur axı. Bəzən olur da, adamına bağlıdır. Amma mən qızım üzərindən arzular qurmaq istəmirəm. O məndən ayrıca bir insandır, onu hamıdan çox sevsəm də, onun ayrıca, müstəqil fərd kimi heç bir şeyinə qarışmaq istəmərəm və ya o məni düşünüb qərar versin istəmərəm. 

- Heç olubmu kişi döymüsən?

- Olub, orta məktəbdə oğlanları döydüyüm olub. Birinin başını soba maşası ilə yarmışdım hətta. Bir dəfə də avtobusda özünü qadına sürtən bir kişini çətirlə çırpıb qovmuşam.

- Froydun ənənəvi sualına keçim, qadın nə istəyir?

- Mən də sənə Vulfun məşhur əsəri ilə cavab verim – “Kendine ait bir oda”.

- Axırıncı dəfə kim sənə gül bağışlayıb?

- Mən heç vaxt sevgilidən gül almamışam. (gülür) Doğrudan, bir dəqiqə, mənə niyə sevgilim gül hədiyə etməyib ki? Bundan sonra nəzərə alacam.

- Son olaraq, planların nələrdi? Həyatda nələrə nail olmaq istəyirsən? Məsələn, Nobel almaq xəyalın var?

- Nobel almaq xəyal deyil. Niyə də olmasın? Amma bunun üçün planlı çalısmalısan. Yazmaq mənim üçün harasa bir limana çatmaq vasitəsi deyil, sərgərdan küçələrdə dolanmaq kimidir. Planlarıma gəldikdə, mümkün qədər qısa zaman ərzində bu ölkədən çıxıb gedə bilmək. Bundan başqa planım yoxdur hələki. 

Hansı ölkəyə getmək istəyirsən?

- Avropaya. Hara gedə bilsəm, bir neçə ölkə var, orda yaşaya bilərəm deyə düşündüyüm. Amma getmək asan deyil.

Söhbətləşdi: Oğuz Ayvaz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026