• Bakı 14° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Gəncin kanalizasiyaya düşərək öldüyü ərazinin təmiri üçün material gec ayrılıb

CƏMİYYƏT

17 Fevral 2026 | 12:34

Gəncin kanalizasiyaya düşərək öldüyü ərazinin təmiri üçün material gec ayrılıb

Bakının Nərimanov rayonunda, "Baksol" yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiyaya düşərək öldüyü ərazidə qəzalı vəziyyətin aradan qaldırılması üçün material gec ayrılıb.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, bu barədə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hadisə ilə bağlı təqsirli bilinən Azər Cümşüdovun prosesində şahid Yaşar Əhmədov deyib.

Əvvəlcə prosesdə təqsirləndirilən Azər Cümşüdov zərərçəkənin hüquqi varisi Fəridə Abbasovanın ötən prosesdə səsləndirdiyi fikirlərə əlavəsinin olduğunu söyləyib. O deyib ki, hadisədən sonra bağ evində yeyib-içmək təşkil olunmayıb:

"Biz bağda yas mərasimi keçirirdik. Həmin mərasimdə 2 min nəfərə yaxın adam iştirak edib".

Sonra prosesdə zərərçəkənin hüquqi varisi Fəridə Abbasova ifadə verib. O deyib ki, oğlu 1997-ci ildə Qusarda anadan olub:

"Yoldaşım hərbçi olub, Qusarda işləyən vaxt Cümşüd anadan olub. Oğlumu çətinliklə xaricdə oxutdurmuşdum. O, işləyirdi. Hadisə baş verən gün evdə idi. Ondan mağazaya düşməyini istədim, eyni zamanda zibilləri atmağı da tapşırdım. Oğlum dedi ki, işi var biraz gec gələcək. Axşam saatlarında yığdım zəng çatmadı. 12-ə kimi gözlədim, yenə cavab gəlmədi. Qızıma dedim ki, əmisi oğlunu yığıb Cümşüdün dostlarından soruşsun. Onlar da həmin gün Cümşüdlə görüşmədiklərini demişdilər".

Fəridə Abbasovanın sözlərinə görə, həmin günün səhəri qaynı ilə birgə polis idarəsinə gedib:

"Məndən ağız suyundan test verməyimi istədilər. Sonra prokurorluqdan zəng gəldi. Dedilər, Hövsana gedin. Evə qayıdanda gördüm ki, qaynım gil ağlayır. Hadisədən sonra bizə bir qaynım gəldi, başqa heç kim gəlmədi. Azər Cümşüdovla qaynım dostdur. Onunla aramda problem şikayətçi olduğuma görə yaranıb".

Təqsirləndirilən Azər Cümşüdov Fəridə Abbasovanın fikirlərinə münasibət bildirərkən söyləyib ki, Fəridə Abbasovanın qaynını tanıyır, lakin onun dostu deyil:

"Fəridə xanımın qaynı ilə ayda bir dəfə iclaslarda qarşılaşırıq. Onunla ailəvi münasibətimiz yoxdur".

Fəridə Abbasova ifadəsinin davamında söyləyib ki, şikayətçi olduğu üçün qaynı ilə arası dəyib:

"Qaynım ərim öləndə 2 qəbr yeri almışdı. Halbuki onun pulunu da ərimin yasından artıqlaması ilə götürmüşdü. Buna baxmayaraq məndən atasının qəbrinin yanından oğlumun meyitini çıxarmağımı tələb edirdi".

Fəridə Abbasovanın sözlərinə görə, çöküntü baş verən ərazi yaşadıqları evə uzaqdır:

"Oğlumun orada maşın ustası var. Ehtimal edirəm ki, Cümşüd oraya avtomobilini təmir etdirmək üçün gedib. Mən şikayətçiyəm. Oğlumun ölümünə kim səbəb olubsa, cəzasını çəkməyini istəyirəm. Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib. Amma onların qaynımla əlaqələri var".

Proses şahid Yaşar Əhmədovun ifadəsi ilə davam edib. O deyib ki, Bakı Su kanal idarəsində təmir-tikinti şöbəsinin rəisi vəzifəsində işləyir:

"Qəza baş verən kimi Azər Cümşüdovu oraya göndərmişik. Hadisədən əvvəl həmin yerdə məhəccərlər qoyulub, təhlükəsizlik lenti çəkilmişdi. Həmin konstruksiyanı oradan kimin götürdüyünü araşdırmaq lazımdır. Hadisə baş verən ərəfədə oraya özüm getməmişəm, Azər Cümşüdov gedib, şəkillərini çəkərək mənə atıb. Təhlükəsizlik ləvazimatları qoyulan əraziyə nəzarət etmək bizim vəzifəmiz deyil, oraya xətt baxıcıları nəzarət etməlidir".

Şahid Yaşar Əhmədov əlavə edib ki, hadisə baş verən ərazinin təmiri üçün material gec verilib:

"Ərazinin təmiri üçün materialın verilməsi bir aydan çox çəkdi. 2011-ci ildən bu strukturda işləyirəm. Adətən qəza yerlərinin təmiri üçün materialın verilməsi çox çəkməzdi. Elə olur ki, təqdimat yazırsan, növbəti gün material verilir. Bəzən materialın verilməsi çox çəkir".

Yaşar Əhmədovun sözlərinə görə, həmin ərazidə kanalzasiya xəttinin üzərində qanunsuz olaraq mağazalar tikilib. O deyib ki, qurumun hüquqşünasları bu mağazaların burada yerləşməsinin təhlükəli olduğunu obyekt sahiblərinə mütəmadi olaraq bildirir.

Növbəti proses martın 3-də şahid ifadələri ilə davam edəcək.

Qeyd edək ki, 2025-ci il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya sularının axdığı kanala düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR

16 Fevral 2026