Gürcüstan ilə Almaniya arasında münasibətlər yenidən gərginləşir.
Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan parlamenti Almaniya Xarici İşlər Nazirliyindən izahat tələb edib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib ki, Almaniya səfiri Gürcüstan Prezidenti sarayına basqını pisləməyib, lakin ötən gün Tbilisidəki aksiyaya qatılaraq ekstremistlərə dəstək ifadə edib.
Səfirin bu hərəkəti diplomatik qaydaların kobud şəkildə pozulması və gürcü xalqına qarşı hörmətsizlik deməkdir.
O qeyd edib ki, səfir Peter Fişerlə bağlı Almaniya və Gürcüstan XİN-ləri arasında məsləhətləşmələr olub. “Məsləhətləşmələr zamanı Almaniya tərəfi bildirib ki, səfir əvvəllər yol verdiyi bu cür əməllərdən çəkinəcək. Mən hazırda Almaniya Xarici İşlər Nazirliyinin hansı addımlar atacağını gözləyirəm. XİN izahatlar təqdim etməlidir” - deyə, Papuaşvili bildirib.
Spiker səfirin aksiyada gürcü kilsəsini lənətləyən Mamuka Tsutskiridze ilə fotoşəkil çəkdirməsini Gürcüstan dövləti və cəmiyyətinə qarşı təhqir adlandırıb.
Qeyd edək ki, Almaniya XİN Gürcüstandakı səfirini məsləhətləşmələr üçün oktyabrın 19-da geri çağırmışdı. Səfir noyabrın 6-da Tbilisiyə qayıdıb. Gürcüstan hökuməti diplomatı ölkədə radikal gündəmin təşviqində və Almaniya ilə münasibətlərə ciddi xələl gətirməkdə ittiham edir.
Bakı 



