Gürcüstan hökuməti qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində yeni qanunvericilik dəyişiklikləri hazırlayıb.
Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, Gürcüstan vətəndaşı ilə nikaha daxil olmaq xarici vətəndaşa daimi yaşayış icazəsi almaq üçün kifayət edir:
"Hazırda ölkədə daimi yaşayış icazəsi almış təxminən 30 min xarici vətəndaş yaşayır və bu sahədə nəzarət mexanizmləri indiyədək kifayət qədər zəif olub. Bir çox ölkələrdə olduğu kimi, Gürcüstanda da saxta nikahlar vasitəsilə yaşayış icazəsi əldə etməyə yönəlmiş dələduzluq sxemləri mövcuddur. Buna görə də nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir".
Yeni qaydalara əsasən, Gürcüstan vətəndaşı ilə evlənərək yaşayış icazəsi almaq istəyən əcnəbi xüsusi komissiya qarşısında müsahibədən keçməli olacaq. Əgər komissiya nikahın həqiqiliyi ilə bağlı şübhələr aşkar edərsə, materiallar araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndəriləcək.
Həmçinin Gürcüstan Cinayət Məcəlləsinə əlavə olunan yeni maddəyə əsasən, ölkədə qanuni yaşamaq hüququ əldə etmək məqsədilə bağlanmış saxta nikah cinayət əməli hesab ediləcək və məsuliyyətə səbəb olacaq.
Gülşən Şərif
Bakı 



