Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə üzrə keçirilən polis və profilaktik tədbirlər nəticəsində 31 ədəd qanunsuz odlu silah aşkarlanaraq götürülüb.
Bakıvaxtı.az 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib.
Nazir müavininin sözlərinə görə, əməliyyatlar zamanı ümumilikdə 39 nəfər saxlanılıb. Son iki gün ərzində Tbilisi şəhərində və ölkənin bütün regionlarında məhkəmə qərarı əsasında həyata keçirilən tədbirlər çərçivəsində qanunsuz odlu silahlarla yanaşı, döyüş sursatı və müxtəlif növ narkotik vasitələrin böyük miqdarı da aşkar edilib.
Polis əməkdaşları saxlanılan şəxslərin üzərinə, yaşayış evlərinə, yardımçı tikililərə və avtomobillərə baxış zamanı maddi sübut kimi çoxlu sayda odlu və avtomatik silahlar, əl qumbaraları, daraqlar və yüzlərlə patron götürüblər. Eyni zamanda, müxtəlif növ narkotik vasitələr də müsadirə olunub.
Faktlarla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 260-cı və 273-cü maddələri üzrə aparılır. Qeyd olunan maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Aleksandr Daraxvelidze bildirib ki, qeydə alınmış cinayətlərin açılma göstəricisi 70 faizə çataraq rekord səviyyəyə yüksəlib. Onun sözlərinə görə, xüsusilə həyat və sağlamlığa qarşı törədilən cinayətlərin sayında azalma müşahidə olunur ki, bu da Daxili İşlər Nazirliyinin həyata keçirdiyi effektiv polis və profilaktik tədbirlərin nəticəsidir.
Nazir müavini vurğulayıb ki, cəmiyyət üçün təhlükəsiz mühitin təmin edilməsi məqsədilə profilaktik xarakterli polis tədbirləri gələcəkdə də aktiv şəkildə davam etdiriləcək.
Bakı 




