• Bakı 14° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Hadisə vaxtı körpələrin üzünün hisini silirdim - MƏHKƏMƏ

HADİSƏ

17 Mart 2025 | 11:33

Hadisə vaxtı körpələrin üzünün hisini silirdim - MƏHKƏMƏ

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Report" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnur Əhmədli ifadə verib. 

O deyib ki, rəhbəri olduğu şöbədə iki bölmə olub:

"Mən işlədiyim dövrdə Fövqəladə Hallar Nazirliyindən hər hansı bir yoxlama gəlməmişdi. Tibbi avadanlıqlara görə məsuliyyət daşımırdım. Mənə tibbi panellərin üzərində elektrik yuvalarının qapaqlarının olmaması barədə məlumat verilmişdi. Lakin buna görə də mən məsuliyyət daşımırdım. Yanğın təhlükəsizliyinə görə yalnız mən yox, hər şöbə və bölmə rəhbəri cavabdeh idi. Elektrik Asif Dadaşova tibbi panellərin üzərindəki elektrik yuvlarının olmaması barədə məlumat vermişdim. Asif demişdi ki, bu panellər köhnədir, heç yerdə tapılmır". 

Prosesdə zərərçəkənin hüquqi varisi qismində tanınmış, hadisədən bir neçə gün sonra vəfat edən körpənin atası Emil Abbasəliyev ifadə verib. O deyib ki, əvvəlcə həyat yoldaşını özəl klinikaya yerləşdirmək istəyib:

"Bizi Perinatal Mərkəzə yönləndirdilər. Orada dedilər ki, doğum risklidir. Razılıq verəndən sonra yoldaşımı əməliyyat etdilər. Sonra iki gün uşağın orada qalacağını bildirdilər. Mən körpəni Perinatal Mərkəzdən çıxartmaq istəyəndə, onlar körpənin qanında şəkərin aşağı düşdüyünü demişdilər. Hər üç təqsirləndirilən şəxsi məhkəmə başlayana kimi tanımamışam, Mehriban xanımı hadisə vaxtı Perinatal Mərkəzdə görmüşdüm, lakin kim olduğunu bilmirdim. Bu işdə təqsiri olanlara qanun daxilində ağır cəza verilməsini xahiş edirəm".

Zərərçəkənin sözlərinə görə, hadisə baş verən gün körpəni Yeni klinikaya göndərmək istəyiblər:

"Mehriban Abasquliyeva demişdi ki, bu uşaq normaldır. Ona görə də, Yeni klinikaya başqa körpə göndərdilər. Mənim uşağımı isə "Semaşko" xəstəxanasına göndərdilər. Bu sözləri Mehriban xanımın özündən eşitmişdim. O, hadisə vaxtı oradaydı, lakin, həmin vaxt onun direktor olduğunu bilmirdim, elə bilirdim ki, həkimdir. Mən də hadisə vaxtı mərkəzdəydim, körpələrin üzünün hisini silirdim".

Məhkəmənin növbəti iclası aprelin 14-nə təyin olunub. 

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.


SON XƏBƏRLƏR