"Dünya ictimaiyyəti Yaxın Şərqdəki problemin həllini, qanın durmasını gözləyir. ABŞ Prezidenti Donald Trampın 20 bəndlik sülh təklifi münaqişənin köklü həllini hədəfləməsə də, ən azından atəşkəsin əldə olunmasına, savaşın böyüməsinin qarşısının alınmasına səbəb olar".
Bu sözləri siyasi şərhçi Əli Oruclu Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, prinsip etibarilə həm İsrail, həm də Fələstin bu plana razılığını ifadə edib:
"Amma HƏMAS-ın yanaşmasında, sülh planına baxışında müəyyən problemlər var. Daha doğrusu, HƏMAS daxilində bununla bağlı fikir ayrılıqları mövcuddur. Təşkilatda bir qisim silahın yerə qoyulmasını, mübarizənin davam etdirilməsini istəyir. Çünki İsrailə inanmadıqlarını, etimad etmədiklərini deyirlər”.
Müsahibimizə görə, ən əsası odur ki, 20 bəndlik sülh planında Fələstinin gələcək taleyi qeyri-müəyyən olaraq qalır. Dediyinə görə, yəni təklif edilən sülh planı münaqişəni birdəfəlik bitirməyə, problemin birdəfəlik çözümünə deyil, savaşın müvəqqəti dayandırılmasına yönəlib”.
Əli Oruclu, siyasi şərhçi
“Nəzərə alaq ki, müharibənin başlanma səbəbləri başqadır. İsrail Fələstinin müstəqil dövlət kimi tanınmasının qarşısını almaq niyyətindədir. Ancaq hadisələr başqa, daha təhlükəli müstəviyə keçməkdədir. İsrail artıq "qırmızı cizgini" çoxdan keçib. Qəzzada mülki insanlar öldürülür, şəhərin infrastrukturu tamam çöküb, əhali aclıq və səfalət içindədir. Buna rəğmən, bölgəyə humanitar yardımlara da imkan yaradılmır. Bütün bunlara son qoyulmalıdır. Əks halda münaqişənin miqyası genişlənəcək”.
“Əgər HƏMAS indiki məqamda atəşkəs və sülh planını qəbul etməzsə, Avropa dövlətlərinin, müsəlman ölkələrinin dəstəyini də itirə bilər. Həmçinin, hesab edirəm ki, HƏMAS-ın prosesdən uzaqlaşdırılması gələcəkdə İsrail-Fələstin arasında sülhün əldə olunmasını daha mümkün edər", - deyə Əli Oruclu əav edib.
Aydın Baxış