"2021-ci ilin qəbul imtahanları pandemiya şəraitində sərt karantin dövrünə təsadüf etdiyi və tədris prosesində çətinliklər yarandığı üçün Təhsil Nazirliyi ilə razılaşdırılaraq proqramların məzmunu sadələşdirilib".
Bakıvaxtı.az Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, fənn kurikulumuna görə fənlər üzrə məzmun xətləri aşağı siniflərdən başlayaraq 11-ci sinif də daxil olmaqla dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir. Ona görə də mövzuların tədrisinə aşağı siniflərdən başlanılır və son sinifdə yekunlaşır.
Qeyd olunub ki, pandemiyaya görə ötən ilin qəbul imtahanı proqramları əsasən 10-cu sinfə qədərki materialları əhatə edib: "Hazırda tədris prosesi əyani formada əvvəlki qaydada bərpa olunduğu üçün ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramlar Təhsil Nazirliyi ilə razılaşdırılaraq pademiya dövründən əvvəlki kimi tərtib edilib. Bununla bağlı, cari dərs ilinin əvvəlində (oktyabr, 2021) fənlər üzrə işçi qrupları tərəfindən müzakirələr aparılmış və internet saytı vasitəsilə mütəmadi olaraq məlumat verilib".
Məlumata görə, proqramlarda yenilik əsasən coğrafiya fənni ilə bağlıdır. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü” haqqında Fərmanının vacibliyi nəzərə alınaraq, proqrama bununla bağlı mövzu daxil edilib. Mövzu hələ dərsliklərdə öz əksini tapmadığı üçün, onunla bağlı hazırlanmış material Azərbaycan və rus dillərində 2021-ci ilin oktyabr ayında saytda yerləşdirilib.
"Tarix fənnindən də ötən ilin qəbul proqramına salınmış II Qarabağ (Vətən) müharibəsinə aid material yeni redaktədə oktyabr ayından saytda yerləşdirilib.
Göründüyü kimi, proqramın məzmunu və yeniliklər barədə dərs ilinin əvvəlindən məlumat verilib. Onu da qeyd edə bilərik ki, imtahan modeli dəyişməyib, ötən illərdə olduğu kimidir. DİM tərəfindən qəbul proqramlarının məzmunu və imtahan modelinə uyğun kağız daşıyıcılar və otk.az portalı vasitəsilə onlayn sınaq imtahanları da keçirilib və hazırda davam edir".
Nuranə Daxilqızı
















