"Telekanallar vasitəsilə ayrı-ayrı həkimlərin, tibb müəssisələrinin müxtəlif məzmunlu verilişlərdə insanların emosiyalarına toxunulmaqla, onları təlaşlandırmaqla reklam edilməsi bir neçə telekanal və radio istisna olunmaqla bütün audiovizual yayımçılarda nəzərə çarpır və hətta əsas gəlir mənbələrindən birinə çevrilib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, səhər saatlarından etibarən radiolardan və telekanallardan xəstəliklərin adı və onların simtomları təlaşlandırıcı bir formada, həyacanlı səslə və müsiqinin müşaiyəti ilə davamlı olaraq təkrarlanır.
İnsanlara psixoloji təzyiq göstərilir və onlara xəstə olduqları aşılanır. Hətta tamamilə sağlam insan belə belə total psixoloji təzyiqin altında özünün xəstə olduğunu düşünə bilər.
Qeyd edib ki, Rusiyada 2014-cü ildən “dərman vasitələrinin, tibbi xidmətlərin, o cümlədən profilaktika və diaqnostikanın, müalicə və tibbi reabilitasiya üsullarının, habelə istifadəsi xüsusi hazırlıq tələb edən tibbi məhsulların reklamı” qadağan edilib.
"Qardaş Türkiyənin Həkimlik Peşəsi Etik Qaydalarının 11-ci maddəsində deyilir: “Həkim məsləyini yerinə yetirərkən reklam edə, ticari reklamlara vasitə ola, çalışmalarına ticari bir görüntü uyğulaya, insanları təlaşlandıran, yanlış yönləndirən, haqsız rəqabətə yol açan davranışlara yol verə bilməz. Bu baxış bucağı Türkiyənin tibb, reklam və istehlakçıların hüquqları ilə bağlı bütün qanunvericilik aktlarında yer alıb və problem kökündən, birdəfəlik həll olunub. Bu səbəbdən də eyni problemlərin aradan qaldırılması üçün məsələnin hissə-hissə yox, birdəfəlik həll edilməsinin zəruriliyini və qardaş Türkiyənin tibb sahəsindəki hüquqi-normativ aktlarının izahında bildirildiyi kimi “Bütün müvafiq hüquqi və etik qaydalara uyğun olaraq, səhiyyə sahəsində reklamın aparılmasının qəti qadağan edilməsi”nin vacib olduğunu düşünürəm".
Mina Mikayılova