İyulun 7-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub. “Xanoba" gömrük postunun Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacağı bildirilib.
Məsələ ilə bağlı Bakıvaxtı.az saytına danışan Natiq Cəfərli bildirib ki, indiyə qədər bu sərhəddə tıxacların yaranması, yük avtomobillərinin uzun müddət postda qalması problemlərinin həlli yollarından biri kimi yeni sərhəd keçid məntəqələrinin yaradılması göstərilmişdi, lakin bu, tam həll yolu deyil: “Əsas problem həm Rusiya, həm də Azərbaycan tərəfdən süni yaradılmış maneələr idi. İndiyə qədər Azərbaycan yük avtomobillərinin Rusiya tərəfdən sərhəddən çox gec buraxılması və Azərbaycan tərəfinin də bu sürətə uyğunlaşması səbəbi ilə tıxacların yaranması probleminin şahidi olurduq. Bu problemi Azərbaycan höküməti birdəfəlik Rusiya ilə həll etməlidir. Azərbaycan və Rusiya “yaşıl dəhliz” prinsipinin Azərbaycanda həyata keçirilməsinə və işlək vəziyyətə gətirilməsinə çalışmalıdır. Bu, çox vacib məsələdir. Ona görə də yeni srhəd keçid məntəqəsinin açılması sürətin artmasına kömək edə bilər, ancaq əsas problemləri həll edəcəyini düşünmürəm”.

Natiq Cəfərli qeyd edib ki, gömrük xidmətindəki problemləri həll etmək üçün tək həll yolu yeni postların yaradılması deyil: “Belə bir sual ortaya çıxır ki, əgər doğurdan da yeni postların yaradılması ilə bütün problemlər həll olunacaqdısa, niyə indiyə qədər bu məsələ həll olunmurdu? Mən düşünürəm ki, bu post istifadəyə verildikdən sonra yenidən tıxaclar yaranacaqsa, görəsən, hörmətli Səfər Mehdiyev bunu nə ilə izah edəcək? Çox böyük əminliklə söyləmək mümkündür ki, keçid və növbələrlə bağlı problemlər yenə olacaq. Bu zaman Səfər Mehdiyev ictimaiyyət qarşısında hansı bəhanələri, arqumentləri gətirəcək? Mən yenə qeyd edirəm, tək problem bu keçid məntəqəsi olsa idi, çoxdan həllini tapmışdı”.
Nuranə Daxilqızı
















