Xəbər verdiyimiz kimi, İran Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.
Bakıvaxtı.az-ın məlumatına görə, etiraz notası Azərbaycan XİN-ə İranın Bakıdakı səfirliyi vasitəsilə çatdırılıb. Sözügedən notada İran Azərbaycanın bəzi media qurumlarının "nalayiq və təhqiramiz hərəkətləri"nin davam etməsindən narahatlığını bildirib: “İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, İran medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir”.
Bir sözlə, İran tərəfi Azərbaycan mediasını İranla bağlı qərəzli kampaniya aparmaqda iddiham edir.
Bu barədə Bakıvaxtı.az-a danışan Azərbaycan Mətbuat Şurasının sədr müavini, Yaxın Şərq üzrə mütəxəssis Vüqar Zifəroğlu bildirib ki, Azərbaycan mediası nəinki İran, heç bir məsələdə qərəzli davranmır:
“Məsələyə münasibət bildirdiyimiz zaman ilk bundan başlamalıyıq: ümumiyyətlə, Azərbaycan mediası İranla bağlı hansısa bir kampaniya aparırmı? Kampaniya deyildikdə, əsasən qərəzli yazılar nəzərdə tutula bilər. Hansı ki, biz Azərbaycan mediasında hər hansı qərəzli yazının getdiyinin şahidi olmuruq”.
V.Zifəroğlu onu da vurğulayıb ki, bizim profesional mediamızda son zamanlar baş verən proseslərlə bağlı yayımlanan materialların heç birində peşə etikası qaydalarının pozulma hallarına rast gəlmək olmur: “Analtik yazılarda, ekspert açıqlamalarında belə məsələnin həssaslığı nəzərə alınır, münasibət etik qaydalar çərçivəsindən verilir”.
Müsahibimiz notanın özündəki “medianın əxlaqsızlığı” ifadəsinin belə yalnış olduğunu qeyd edib:
“Amma müqayisə apardıqda, İranın rəsmi strukturlarına yaxın media orqanlarında, biz Azərbaycana yönəlik təhqirlərin, alçaltmaların şahidi oluruq. Biz Azərbaycanın təhdid olunmasının, dövlət atributlarımıza hörmətsizliyi görürük. İndiyə qədər Azərbaycanda hansı media orqanı İran İslam Cümhuriyyətini Tehran Respublikası adlandırıb?! Heç vaxt belə hal yaşanmayıb. Lakin biz İranın media orqanlarında Azərbaycanın adının belə təhrif edilməsinin şahidi olmaqdayıq. Onlar bizi ya “Şimali Azərbaycan”, ya da “Bakı Respublikası” adlandırırlar. Bu cür qeyri-etik və aqressiv münasibət isə yolverilməzdir və qəbul edilə bilməz”.
Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, əslində kampaniyanı dayandırmalı olan tərəf Azərbaycan yox, məhz İran mediasıdır:
“İran mediasında hədyanlar, bu kimi qeyri-etik, heç bir jurnalist peşəkarlığına, ekpert profesionallığına sığmayan davranışlar dayandırılmalıdır”.
İranın mediamızdan qorxmasına səbəb daxilindəki azərbaycanlılardır, ya xarici qüvvəllər?
“Mən burda bir xüsusu diqqətə çatdırmaq istəyirəm. İran əhalisinin böyük əksəriyyəti türk xalqlarıdır. İranda Azərbaycan, Xorasan, Qaşğay türkləri və bir sıra türk xalqları yaşayır. Onların da böyük əksəriyyəti peyk vasitəsilə Azərbaycan, Türkiyə televiziya kanallarını izləyir, xəbərləri internet üzərindən bizim media portallarımız vasitəsi ilə əldə edirlər. Yəni bu mənada, bizim medianın məsələ ilə bağlı məhz obyektiv münasibəti və bu münasibətlə bağlı İranın daxilindəki auditoriyanın məlumatlandırılması, bilgiəndirilməsi orada narahatlıqlar yaradır”,– deyə Vüqar Zifəroğlu bildirib.
Nuranə Daxilqızı
















