• Bakı 10° C

    3.93 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

İran çalxalanır: daxili böhran, xarici faktor

DÜNYA

05 Yanvar 2026 | 16:03

İran çalxalanır: daxili böhran, xarici faktor

İranda etirazlar səkkizinci gündür davam edir, ölənlərin sayı 20-yə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb. Qeyd edilib ki, 26 vilayətin 78 şəhərində 222 yerdə nümayişlər, tətillər və tələbə etirazları qeydə alınıb. Məlumata görə, gücləndirilmiş təhlükəsizlik tədbirlərinə, bir neçə ərazidə davam edən qarşıdurmalara baxmayaraq, etirazların coğrafi yayılması dəyişməz olaraq qalıb.

Politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, İrandakı aksiyalar 2022-ci ildəki etirazlardan daha geniş sosial təbəqəni əhatə edir.

Analitik vurğulayıb ki, yoxsul təbəqə ilə yanaşı, etirazlara orta sinifin təmsilçiləri də qatılıblar:

"Etirazlara qoşulan, dəstək verənlər arasında gənclər, tələbələr və digər sosial qrupda olan vətəndaşlar çoxdur. Etirazların əsas səbəbi kimi sosial-iqtisadi vəziyyət və rialın cidi şəkildə dəyər itirməsi, ərzaq və digər tələbat mallarının kəskin bahalaşması göstərilir”.

Amma həmsöhbətimiz hesab edir ki, vurğulanan məqamlar yeganə səbəb deyil. İranda etirazların bir neçə səbəbi var. Onun fikrincə, ilk əsas səbəb İrandakı rejimin mahiyyətidir:

“Bu, həm də korrupsiyaya, təkəlçiliyə əsaslanmış bir sistemdir. İnsan haqlarını, etnik-milli hüquqları pozan bir sistemdir. Ötən əsrin 80-ci illərindən başlamış sanksiyalar İran iqtisadiyyatına, sosial həyatına çox ciddi mənfi təsir göstərib. Xüsusən, ötən il baş vermiş qısamüddətli İran-İsrail savaşının nəticələri də ölkədə etirazların yaranma səbəblərindən biridir. Əlavə olaraq, ABŞ prezidenti Donald Tramp və İsrail baş naziri Benyamin Netanyahu da İrandakı etiraz aksiyalarını dəstəklədiklərini açıqlayıblar".

Oqtay Qasınov: Etirazların əsas səbəbi İrandakı rejimin mahiyyətidir

O.Qasımov əlavə edib ki, İranda vəziyyət gərginləşərsə, müdaxilə imkanları da dəyərləndirilə bilər:

"Venesuelada baş verənlər ağla ilk onu gətirir ki, İranda da bənzər olaylar baş verə bilərmi? Nəzəri baxımdan mümkündür. Xatırlayırsızsa, İran-İsrail müharibəsi zamanı Tramp bildirmişdi ki, onlar ali dini rəhbərin harada gizləndiyini çox yaxşı bilirlər. Hətta istədikləri an onu aradan götürə biləcəklərini deyirdi. Düşünmürəm ki, ABŞ və İsrail İrana hərbi müdaxilə etsin. ABŞ istəsə İranda hər hansı hədəfi vura, yaxud kimisə götürə bilər. İranda 400 kq zənginləşdirilmiş uran olduğu iddia edilir. İsrail bunu əsas gətirərək İrana müdaxilə məsələsini gündəmə gətirə də bilər. Hər şey Trampın yanaşmasından asılı olacaq. İndiyədək ABŞ əslində İrandakı mövcud rejimin qalmasında maraqlı olub".

Aydın Baxış


SON XƏBƏRLƏR

06 Yanvar 2026