İraqda 2013-cü ildən bəri ilk dəfə olaraq insanlar “yerli seçkilər” üçün sandıq başına gedir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, təxminən, 17 milyon qeydiyyatdan keçmiş seçicinin olduğu ölkədə keçirilən yerli seçkilərə İraq Kürd Regional Rəhbərliyinə (KRG) bağlı şəhərlər daxil deyil. 275 yer uğrunda cəmi 5 min 904 namizədin mübarizə apardığı seçkilərdə yerlərin yalnız 70-i qadın namizədlər üçün ayrılıb.
Seçkilərlə əlaqədar ölkə daxilində geniş təhlükəsizlik tədbirləri görülüb, motosiklet və nəqliyyat vasitələrinə komendant saatı tətbiq edilib. Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb 18:00-da başa çatacaq.
Şənbə günü ölkədə keçirilən xüsusi səsvermə çərçivəsində təhlükəsizlik qüvvələri və məcburi köçkünlər seçki məntəqələrinə gedib. Gələn il KRG bölgəsində yerli seçkilərin keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, ötən il siyasətdən geri çəkilən Sədr Hərəkatının lideri şiə Müqtəda Sədr tərəfdarlarını əyalət seçkilərini boykot etməyə çağırmışdı. Sədr verdiyi yazılı açıqlamada "Geniş miqyaslı boykot seçkilərin legitimliyini azaldacaq" demişdi.
Qeyd edək ki, İraqda yerli seçkilər sonuncu dəfə 2013-cü ildə keçirilib və DAEŞ terror təşkilatının hücumları səbəbindən sonrakı seçkilər təxirə salınıb.
Ay Tac















