"Ermənistan yekun sülhdə maraqlı deyil. Ermənistan ümumiyyətlə, torpaqlarımızı işğal altında saxladığı dövrdə və 44 günlük müharibədən sonra nə qədər manevr imkanları varsa, hamısını edib ki, sülhdən qaçsın".
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın sülh konsepsiyasını ortaya qoymasından sonra müxtəlif bəhanələr irəli sürüb:
"Hansı nöqtələrdə yaxınlaşma imkanları var idisə, Ermənistanın manevr imkanları ortadan qalxırdı. İrəvanın yeganə yolu eskalasiyaya getmək, Avropa İttifaqının missiyasının çiyinləri arxasında gizlənərək atəşkəsi pozmaq, şərti sərhəd zolağında təxribatları törətməkdir. Həm də bunu Ermənistanın əsas havadarı olan Fransa və Makronun düşdüyü son vəziyyətlə əlaqələndirirəm. ABŞ-Fransa qarşıdurmasından sonra Fransanın revanş almaq üçün imkanları sadəcə Ermənistan üzərindən Cənubi Qafqazdadır. Ermənistan üzərindən təxribata getməklə Makron hesab edir ki, bir neçə hədəfi vurmuş olacaq. Həm Rusiya, Türkiyə, Azərbaycanı narahat edərək regionu çalxalayır, həm də bir növ ABŞ administrasiyasını hədəf alır. Əgər dünyanın diqqəti Yaxın Şərqə, Ukrayna-Rusiya müharibəsinə köklənibsə, Cənubi Qafqazda yeni alov yandırmaqla "bulanıq suda balıq tutmağa" çalışır".
Tural Gəncəliyev: Ermənistan Zəngəzur dəhlizindən yaxşı dividentlər götürə bilər
Deputat vurğulayıb ki, Ermənistan bunu özbaşına etmir, onun elə bir resursu yoxdur:
"Ermənistan bu eskalasiyaya niyə gedir? Çünki Zəngəzur dəhlizinin açılması ortadadır. Zəngəzur dəhlizinin açılması ilə Şərq-Qərb marşrutu - Orta Dəhliz tam funksional olacaq. Ermənistan buradan yaxşı dividentlər götürə bilər. Ermənistan hökuməti minlərlə kilometr uzunluğu olan bir dəhlizə sadəcə 40 km-lik məsafəyə görə imkan verməməklə uduşda olduğunu zənn edir. Lakin bu, uduş deyil. Bu boyda axının qarşısında durmaq, türk dünyasının artan gücünə kiçik bir ərazi ilə qarşı gəlmək mümkün olmayacaq”.
“Fransa, Ermənistan və digər güclər Zəngəzur dəhlizinin açılmasına qarşı çıxdıqlarına görə, paralel olaraq sülh müqaviləsinin imzalanmasında da maraqlı deyillər", - deyə Tural Gəncəliyev əlavə edib.
Aydın Baxış