“Ermənistanın sülh müqaviləsinin imzalanması ilə bağlı tələskənliyi təsadüfi deyil”.
Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Əhəd Məmmədli Ermənistanın Baş naziri Nikol Paşinyanın “Yerevan dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Paşinyan hökumətini narahat edən əsas məqam Ermənistan sərhədlərinin, yəni 29 min kv.km ərazinin Bakı tərəfindən rəsmən tanınmasıdır:
"Paşinyan bir çox çıxışına Ermənistanın xəritəsi ilə çıxırdı və bəyan edirdi ki, hazırda əsas vəzifələri respublikanın mövcud sərhədlərini qorumaqdır. Çalışır ki, əldə olunmuş razılaşmalar çərçivəsində ilkin sənəd imzalansın və Ermənistan həm Azərbaycanla əlaqələr qursun, həm də regional əməkdaşlığa qoşulsun. Əlsində bu, bir növ Azərbaycanın əl-qolunu bağlamaq, Bakının Zəngəzur dəhlizi və Qərbi Azərbaycan iddialarından vaz keçməsinə cəhddir”.
Analitik hesab edir ki, İrəvanı tələsdirən amillər hazırda özlərini zəif hiss etdikləri məsələləri aradan qaldırmaq, mövqelərini gücləndirməkdir. Təbii ki, belə yanaşma Azərbaycanın maraqlarına cavab vermir:
“Rəsmi Bakı Ermənistan Konstitusiyasının dəyişdirilməsini haqlı olaraq tələb edir. Çünki Ermənistan Konstitusiyasında açıq-aşkar Qarabağa iddia var. Ermənistan qanunveriliciliyində, Müstəqillik Aktında əksini tapmış ərazi iddiaları aradan qalxmadan Paşinyanın şifahi olaraq "biz Azərbaycan ərazilərini tanıyırıq" deməsi mənasızdır. Erməni baş nazirin sözü bizim üçün əhəmiyyətsizdir. Ona görə ki, Paşinyan dünən "Qarabağ Ermənistandır, nöqtə" deyirdi, indi də deyir ki, "Qarabağ Azərbaycandır". Amma sabah başqa söz deyə bilər. Ona arxayın ola bilmərik".
Əhəd Məmmədli: Rəsmi Bakı Ermənistan Konstitusiyasının dəyişdirilməsini haqlı olaraq tələb edir
Ekspertin sözlərinə görə, Ermənistanın sadəcə Azərbaycana deyil, Türkiyəyə də ərazi iddiaları var:
"Erməni gerbində Ağrı dağının əksi var. Konstitusiyada Türkiyənin 6 vilayətinə iddia qalmaqdadır. İrəvan bunlardan imtina etməyənədək Bakı və Ankara ilə əlaqələrin qurulması, normal qonşuluq münasibətləri qeyri-mümkündür. Ermənistan tələbləri qeyd-şərtsiz yerinə yetirməlidir. İrəvan verilən vaxtdan da dügzün yararlanmır. Xatırlayırsızsa, Paşinyan hakimiyyətə yeni gələndə Azərbaycan dövlət başçısından vaxt istəmişdi ki, müəyyən işləri yoluna qoysun. Ancaq bir müddət sonra Azərbaycan ərazilərinə iddia etməyə başladı. İrəvan hakimiyyəti möhlət şansını itirib".
Aydın Baxış