"Sülh danışıqlarında, sazişin imzalanmasında Ermənistanın istəyi heç nəyi həll etmir".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Ekspert bildirib ki, Ermənistan hökumətinin başçısı müəyyən hərəkətləri və açıqlamaları ilə Qərbə yarınmağa çalışır. Onun sözlərinə görə, İrəvan göstərir ki, Ermənistan Qərbin dedikləri ilə oturub-durur. Elə mənzərə yaratmaq istəyirlər ki, Azərbaycan guya prosesi pozur, Qərbin vasitəçilik təşəbbüslərinə "yox" deyir:
“Amma bunun əksinə Ermənistan Vaşinqtonun, yaxud Brüsselin təkliflərinə "hə" cavabı verir. Bir növ Qərbə öz loyallıqlarını sübut etməyə çalışırlar. Lakin Ermənistan rəsmiləri unudurlar ki, sülhün imzalanması nə İrəvandan, nə də ABŞ-dən asılıdır. Proses daha çox Azərbaycanın mövqeyindən, yanaşmasından və hansı addımı atacağından asılıdır”.
Müsahibimiz vurğulayıb ki, Azərbaycan qalib dövlətdir və istənilən qayda və normalara görə, qalib ölkənin rəyi hər zaman və hər şəraitdə üstünlük təşkil edir:
“Digər tərəflər qalib ölkənin tələblərinə diqqətlə yanaşmağa məcbur olurlar. Ermənistan məğlub ölkə olduğunu dərk etməlidir, qəbul etməlidir".
Analitik əlavə edib ki, İrəvan riyakarlıqla məşğuldur:
"Bir yandan Rusiya ilə münasibətləri kəskinləşdirir, iddia edir ki, Moskvadan uzaqlaşmalıdır və s. Amma bununla yanaşı, Avrasiya İqtisadi Təşkilatında və KTMT-də təmsil olunur. Zaman-zaman verdiyi açıqlamalarda Rusiya ilə münasibətlərin davam etdiyi vurğulanır. Bəyan edilir ki, xırda-para ziddiyyətlərə baxmayaraq, Moskva-İrəvan arasında ciddi anlaşılmazlıq yoxdur. Ermənistan Rusiyadan asılı olduğunun fərqindədir. İqtisadiyyatın 90 faizi Rusiya şirkətlərinin əlindədir".
Aydın Baxış
















