• Bakı 23° C

    9.13 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Kerç əməliyyatları: Hədəfdə səngərlər deyil, təchizat xətləri var

DÜNYA

22 Iyun 2026 | 14:30

Kerç əməliyyatları: Hədəfdə səngərlər deyil, təchizat xətləri var

Ukrayna müharibəsində cəbhə xəttindən uzaqda baş verən hadisələr bəzən ön xətdəki döyüşlərdən daha böyük strateji əhəmiyyət daşıyır. Son günlər Ukraynanın Kerç boğazı, Kerç yarımadası və “Qafqaz” limanı istiqamətində həyata keçirdiyi PUA hücumları da məhz belə hadisələrdəndir.

Hücumlar nəticəsində neft və logistika obyektlərinə ziyan dəydiyi bildirilir. Bu hadisə bir daha göstərdi ki, müharibə artıq yalnız səngərlərdə deyil, logistika marşrutları, enerji infrastrukturu və təchizat xətləri üzərində də davam edir.

Kerç boğazı Rusiyanın Krımla əlaqəsini təmin edən ən vacib strateji nöqtələrdən biridir. 2014-cü ildə Krımın ilhaqından sonra Moskva yarımadanı öz hərbi sisteminin ayrılmaz hissəsinə çevirdi və Kerç körpüsü bu siyasətin simvoluna çevrildi. Bu səbəbdən Ukraynanın son hücumları təkcə hərbi obyektlərə qarşı zərbə deyil, həm də Rusiyanın Krımdakı mövqelərinə verilən siyasi və psixoloji mesaj kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Kerç boğazı hazırda Rusiyanın Krımdakı hərbi mövcudluğunu təmin edən əsas arteriyalardan biridir. Buradan həm hərbi yüklər, həm yanacaq, həm də müxtəlif təchizat vasitələri daşınır. Onun sözlərinə görə, Ukrayna anlayır ki, cəbhədəki qüvvələri zəiflətməyin ən effektiv yollarından biri arxa təminat sisteminə zərbə vurmaqdır.

Politoloq qeyd edib ki, son aylarda Kiyev məhz bu strategiyanı daha fəal tətbiq edir. Məqsəd Rusiyanın Krımı təhlükəsiz arxa baza kimi istifadə imkanlarını məhdudlaşdırmaqdır. Bu baxımdan Kerç istiqamətindəki hücumlar taktiki deyil, strateji xarakter daşıyır.

Müsahibimiz hesab edir ki, bu hücumların Rusiyanın Krımdakı hərbi fəaliyyətinə müəyyən təsirləri mümkündür. Dediyinə görə, bir neçə obyektin vurulması müharibənin taleyini dəyişmir, lakin davamlı hücumlar logistika sistemində problemlər yarada bilər. Müasir müharibələrdə təchizat ən az silah qədər vacibdir:

“Yanacaq, sursat və texnika daşınmasında yaranan gecikmələr döyüş meydanında hiss olunur. Rusiya alternativ marşrutlardan istifadə etsə belə, bu əlavə xərc və vaxt itkisi deməkdir. Ona görə də Ukrayna məhz uzunmüddətli aşındırma strategiyasına üstünlük verir”.

Züriyə Qarayeva: Moskva üçün Krım təkcə hərbi obyekt deyil, həm də siyasi nüfuz məsələsidir

Z.Qarayeva qeyd edib ki, Krım Qara dəniz regionunda hərbi üstünlük baxımından xüsusi mövqeyə malikdir. Burada Rusiyanın dəniz qüvvələrinin mühüm hissəsi yerləşir. Eyni zamanda yarımada cənub istiqamətindəki əməliyyatların idarə olunmasında mühüm rol oynayır.

“Moskva üçün Krım təkcə hərbi obyekt deyil, həm də siyasi nüfuz məsələsidir” deyən həmsöhbətimiz vurğulayıb ki, buna görə də yarımadaya yönələn hər bir hücum Kreml tərəfindən xüsusi həssaslıqla qarşılanır. Son hadisələr göstərir ki, Krım artıq əvvəlki qədər təhlükəsiz hesab edilmir.

Politoloq hazırda müharibənin yeni mərhələsində tərəflər bir-birinin logistikasını və hərbi iqtisadi imkanlarını hədəfə almağa çalışdıqlarını deyib. Onun sözlərinə görə, Ukrayna Rusiyanın döyüş qabiliyyətini ön xətdə deyil, arxa təminat sistemində zəiflətmək istəyir. Kerç istiqamətində hücumların artması da bu strategiyanın tərkib hissəsidir.

“Əgər bu təzyiq davamlı olarsa, Rusiya əlavə resurslarını müdafiəyə yönəltməli olacaq. Bu isə digər istiqamətlərdə imkanların azalmasına səbəb ola bilər. Ona görə də Kerç ətrafında baş verənlər yaxın aylarda müharibənin gedişinə təsir edə biləcək amillərdən biri kimi qiymətləndirilir”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR